REGİONLAR
Taxıl əkinində tətbiq olunan müasir üsullar fermerlərə tarla şəraitində nümayiş etdirilib VİDEO
Xaçmaz, 17 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 17-də Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Xaçmaz rayonunun Qusarçay kəndində tarla şəraitində payızlıq taxıl səpininin qısa müddətdə başa çatdırılmasına həsr olunan regional müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə nazirliyin bitkiçilik şöbəsinin və digər əlaqədar strukturlarının, yerli icra orqanlarının, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, elmi tədqiqat institutlarının əməkdaşları, eləcə də şimal rayonlarında fəaliyyət göstərən 300-ə yaxın fermer, sahibkar və təsərrüfatçı iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov müşavirədəki çıxışında yüksək məhsuldarlığın əldə olunması üçün şumlamanın, torpaq becərmə işlərinin və səpinin optimal müddətdə aparılmasının vacibliyini vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov isə fermerlərə payızlıq taxıl əkinlərində sertifikatlaşdırılmış toxumlardan istifadənin əhəmiyyəti barədə ətraflı məlumat verib.
Tədbir çərçivəsində torpağın ənənəvi üsulla şumlanması, müasir texnologiyalar əsasında minimal, tirəli və sıfır becərilməsi üsulu ilə səpin aparılması, aqrotexniki tələblərə uyğun olaraq şum altına və səpinlə birlikdə gübrələrin verilməsi prosesi fermerlərə əyani şəkildə nümayiş etdirilib.
Tarla müşavirəsində fermerlərlə ətraflı fikir mübadiləsi aparılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib, lazımi tövsiyələr verilib.