REGİONLAR


Taxıl sahələrində kompleks mübarizə tədbirləri icra olunur

Qax, 6 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

2022-ci ilin payızında Qax rayonunun təsərrüfatlarında cari ilin məhsulu üçün 13 min 322 hektar sahədə taxıl əkilib. Taxıl əkinlərinin 9252 hektarını buğda, 4070 hektarını arpa sahələri təşkil edir. Hazırda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Qax rayon Mərkəzi tərəfindən taxıl sahələrində fitosanitar müşahidələr davam etdirilir.

Mərkəzin rəisi Hikmət Hafizov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2023-cü ilin məhsulu üçün əkilmiş payızlıq taxıl bitkisinin çıxışı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə daha yaxşıdır. Mərkəzin mütəxəssisləri tərəfindən mövcud taxıl sahələrində aparılmış fitosanitar müşahidələr nəticəsində 120 hektar sahədə taxıl böcəyi sürfələri ilə sirayətlənmə müşahidə olunub. Sirayətlənmiş sahələrdə təsərrüfat subyektləri tərəfindən kimyəvi mübarizə tədbirləri aparılıb.

Qurum rəsmisinin sözlərinə görə, əvvəlki illə müqayisədə bu il sahələrdə taxıl böcəyi sürfələri ilə sirayətlənmədə azalma müşahidə olunur. Bunun əsas səbəbi taxıl toxumlarının zərərvericilərə, həm də xəstəliklərə qarşı geniş spektrli preparatlarla dərmanlamasıdır. Toxumların belə dərmanlanması, eyni zamanda, məftil qurdlarının, sümürtkən böcəklərin sürfələrinin və digər torpaqaltı zərərvericilərin də əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

İndiyədək taxıl sahələrində, həmçinin çoxillik əkmə, təbii otlaq və meyvə bağlarında aparılmış fitosanitar müşahidələr nəticəsində 3107 hektar sahədə siçanabənzər gəmiricilərlə sirayətlənmə aşkar edilib. Bu sahələrin 2882 hektarında siçanabənzər gəmiricilərin işlək yuvalarının sayı iqtisadi ziyanlı həddən yuxarı olduğu üçün həm kimyəvi, həm də mexaniki mübarizə tədbirləri həyata keçirilib. Aparılan mübarizə işinin 2472,5 hektarı dövlət hesabına verilmiş sink-fosfid preparatı vasitəsilə zəhərli aldadıcı yemlə, 398 hektarı təsərrüfat subyektləri hesabına sink-fosfid preparatı vasitəsilə, 11,5 hektarı isə suvarma aparılmaqla mexaniki yolla olub.

Hikmət Hafizovun sözlərinə görə, hazırda meyvə və üzüm bağlarında xəstəlik və zərərvericilərin qışlama mərhələsini məhv etmək məqsədi daşıyan kimyəvi və mexaniki qış mübarizə tədbirləri həyata keçirilir. İndiyədək meyvə bağlarında 150 hektar sahədə xəstəlik və zərərvericilərə qarşı budama yolu ilə mexaniki qış mübarizə tədbirləri aparılıb və hazırda davam etdirilir. Meyvə bağlarında mexaniki və kimyəvi qış mübarizə tədbirlərinin optimal aqrotexniki müddətdə başa çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.