REGİONLAR


Taxıl sahələrində siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri görülür

Göyçay, 23 yanvar, AZƏRTAC 

Göyçayın taxıl əkini sahələrində siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri davam etdirilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 8740 hektarı buğda, 6851 hektarı arpa olmaqla, 15591 hektarda taxıl əkilib və sahələrdə normal çıxış alınıb. Havaların qış fəslinə xarakterik olmayan şəkildə quraq keçməsi dağ və dağətəyi ərazilərdəki dəmyə torpaqlardakı taxıl sahələrində siçanabənzər gəmiricilərin həddən artıq artaraq əkinlərə ciddi ziyan vurmasına səbəb olur.

Mərkəzin monitorinq qrupu tərəfindən Qaraməryəm, Qarayazı, Yekəxana, Şahsoltanlı, Alxasava, Aşağı Qaraməryəm, Bığır, İnçə, Qarabaqqal və bir sıra digər yaşayış məntəqələrinin ərazilərindəki 3000 hektardan çox dəmyə taxıl sahəsində müşahidələr aparılıb. Nəticədə 950 hektardan çox ərazidə bir hektarda orta hesabla 90-120 ədəd arasında işlək yuva müşahidə olunub. Həmin sahələrdə “Brodifakum” preparatı ilə aldadıcı yem hazırlanaraq kimyəvi mübarizə aparılıb. Bu zaman fermerlər və fiziki şəxslər təlimatlandırılıb, kimyəvi maddələrlə işləyərkən təhlükəsizlik tədbirlərinə ciddi əməl olunması diqqət mərkəzində saxlanılıb. Onlara, habelə təhlükəsizlik qaydaları ilə əlaqədar hazırlanan xüsusi buklet və təlimatlar paylanıb.

Hazırda taxıl əkinlərində monitorinq qrupu tərəfindən müşahidələr davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.