REGİONLAR


Taxıl zəmilərində yanğına qarşı hansı tədbirlər görülməlidir?

Gəncə, 24 iyun, AZƏRTAC

Kənd təsərrüfatı işlərinin ən məsuliyyətli və həlledici mərhələsi yalnız məhsulun vaxtında yığılması deyil, həmçinin oddan qorunmasıdır. Belə ki, məhsul yığımı, onun ilkin emalı və saxlanması dövründə yanğın təhlükəsi artmış olur. Taxıl yığan kombaynlarda yanğınların əsas səbəblərinin təhlili göstərmişdir ki, bunlar daha çox elektrik naqillərində baş verən qısaqapanmalar, hidravlik şlanqların deşilməsi və yağın qızmış mühərrik səthinə düşməsi, ümumilikdə isə yığım texnikasının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi üzündən baş verir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kafedra müdiri Ramiz Xəlilov deyib.

O bildirib ki, məhsulu oddan qorumaq üçün yığımla məşğul olan şəxslər və kənd təsərrüfatı müəssisəsinin rəhbərləri aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidirlər:

-Tarla işlərinə başlamazdan qabaq bu işlərə cəlb olunmuş şəxslər yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsi barədə təlimatdan keçməli;

-Yanğına qarşı vasitələrin normaya uyğun mövcudluğuna riayət olunmalı və onların dərhal istifadəsi mümkün olan hazırlıq şəraitində saxlanması təmin edilməlidir;

-Müvəqqəti sahə düşərgəsi zəmidən və xırmandan 100 metrdən az olmayan məsafədə yerləşməlidir. Belə düşərgənin və xırmanın sahəsi 4 metrdən az olmayan endə şumlanmış zolaqla əhatə olunur;

-Tarla şəraitində yanacaq doldurma və qaz-elektroqaynaq işlərinin aparılması ətrafı 4 metrdən az olmayan zolaqla şumlanmış, quru otdan təmizlənmiş xüsusi meydançada, xırmandan, zəmidən, küləş və quru ot tayalarından, tikililərdən 50 metrdən az olmayan məsafədə yerinə yetirilə bilər. Yanacaq doldurma yalnız yanacaqdolduran tərəfindən mühərriklər söndürülmüş halda həyata keçirilməlidir;

-İstismar dövründə kombayınların təmiri, imtinaların və nasazlıqların aradan götürülməsi zəmidən 30 metrdən az olmayan məsafədə, ətrafı 4 metrdən az olmayan şumlanmış zolaqla əhatə olunmuş yerdə həyata keçirilməlidir;

-Mühərriklərin radiatorları, biter valları, küləş sıxanlar, transportyorlar, şneklər və yığım maşınlarının digər detal və qovşaqları vaxtında tozdan, küləş və dəndən təmizlənməlidirlər;

Yığım işləri aparılan dövrdə zəmi, ona yaxın yerlərdə, həmçinin küləş və quru ot tayaları yaxınlığında siqaret çəkmək, açıq od tətbiqi tələb edən işlər aparmaq, avtomobil və dəmir yolu kənarlarında olan zolaqlarda biçilmiş otlardan taxıl zəmisinə 30 metrdən az olan məsafədə taya vurmaq, yığımdan sonra zəmidəki bitki qalıqlarını, küləşi yandırmaq, yığım dövründə tarlada ocaq qalamaq olmaz. Həmçinin məhsulun yığımı üçün kapotsuz və yaxud kapotu açıq halda traktor, özüyeriyən şassi və avtomobillərdən, mühərriklərin radiatorundakı tozu yandırmaq üçün lehim lampalarından istifadə etmək, gecə vaxtı avtomobillərə tarla şəraitində yanacaq doldurmaq, yağa, neftə, benzinə və digər tez alışan vasitələrə bulaşmış materialların (kağız, bez, pambıq və.s) onlar üçün ayrılmış xüsusi yerlərdən kənarda qalmasına yol vermək olmaz.

ADAU-nun kafedra müdiri qeyd edib ki, yanğın təhlükəsizliyini təmin etmək üçün aşağıdakı tədbirlərin həyata keçirilməsinə diqqət yetirilməlidir:

-Taxıl yetişən ərəfədə meşə, meşə zolağı, avtomobil və dəmir yolu kənarları zolağı biçilməli və 4 metrdən az olmayan endə şumlanmalıdır;

-Taxıl yığımı geniş massiv təşkil edən tarlanın 50 hektardan çox olmayan sahələrə ayrılması ilə başlamalıdır. Sahələr arasında eni 8 metrdən az olmayan zolaqlar biçilməli və buranın məhsulu dərhal yığılmalıdır. Biçilmiş zolağın ortasında eni 4 metrdən az olmayan zolaq şumlanmalıdır;

-Taxıl yığılan sahənin bilavasitə yaxınlığında yanğın olma ehtimalı nəzərə alınmaqla hazır vəziyyətdə traktor və kotan saxlanmalıdır;

-Yığım kombaynlarının istismarı zamanı elektrik naqillərinin etibarlı bərkidilməsi, onların mexaniki və yaxud texniki təsirdən zədələnmiş yerlərinin etibarlı mühafizəsi yoxlanılmalıdır. Fırlanan hissələrin sürtünmə verməməsi üçün möhkəmliyinə nəzarət olunmalı, yastıqların həddindən artıq qızmasının qarşısını almaq üçün vaxtında yağlanması yerinə yetirilməlidir. Yanğın baş verəcəyini vaxtında bilmək və söndürmə tədbirləri həyata keçirmək üçün sistematik olaraq kombaynın izini nəzarətdə saxlamaq lazımdır.

Yığım zamanı yanğın baş verdiyi halda zəmidə alovun söndürülməsi üçün mövcud yanğınsöndürən vasitələrdən istifadə edərək yanğınsöndürmə tədbirləri həyata keçirmək və yanan yerə torpaq atmaq lazımdır. Taxıl massivində odun yayılmasını məhdudlaşdırmaq üçün yanan zonanın ətrafı şumlanmalıdır. Şumlanan yer odun yayılma sürəti və küləyin istiqaməti nəzərə alınaraq seçilir. Yanan kombaynda odun söndürülməsi üçün tədbir görməli və maşın taxıl massivindən çıxarılmalıdır. Eyni zamanda, küləş küləşyığandan yalnız kombayn massivdən çıxarıldıqdan sonra boşaldılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.