REGİONLAR


Taxılçılıqda elmi əsaslarla seçilmiş toxum bol məhsula zəmin yaradır

Bakı, 25 may, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bazasında fəaliyyət göstərən Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) xəstəliyə və quraqlığa davamlı, məhsuldar yeni arpa və buğda sortlarının əldə olunması istiqamətində geniş elmi işlər aparılır.

AZƏRTAC xəbər verir ki, 1990-cı ildə Qobustan rayonunun yaradılması ilə əlaqədar olaraq Şamaxı Zona Təcrübə Stansiyası Qobustan Bölgə Təcrübə Stansiyası adlandırılıb. Respublikamızda ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə torpaq islahatı keçirildiyi zaman, akademik Cəlal Əliyevin təşəbbüsü ilə yeni sortların yaradılması və onların elit toxumçuluğunun daha da artırılması məqsədilə stansiyaya əlavə torpaq sahələri verilərək ümumi torpaq sahəsi 517 hektara, əkinəyararlı sahəsi isə 483 hektara çatdırılıb.

Qobustan BTS-nin direktoru Atabəy Cahangirov aparılan işlər barədə məlumat verərək deyib: “Dövlətimizin başçısının Azərbaycanda ərzaq təhlükəsizliyi, taxıla olan tələbatın tam ödənilməsi ilə bağlı tapşırıqları və qarşıya qoyduğu konkret vəzifələr biz alimləri daha məsuliyyətli elmi iş aparmağa sövq edir. Stansiyada hər il 250-260 hektar sahədə payızlıq buğda, arpa və noxudun toxumçuluğu ilə məşğul olunur. Bu məqsədlə buğdanın “Qobustan”, “Qızıl buğda”, “Ləyaqətli 80”, “Aran”, arpanın “Dəyanətli” və “Qüdrətli 48” və noxudun “Sultan” sortları becərilir”.

Taxılçılıqda elmi əsaslarla seçilmiş toxumun bol məhsuldarlığa zəmin yaratdığını vurğulayan A.Cahangirov qeyd edib ki, orta hesabla hər il 300-350 ton kondisiyaya uyğun elit toxumu istehsal olunur və Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında dövlət və özəl toxumçuluq təsərrüfatlarına satılır.

“Əlbəttə, fermerlərimiz nəzərə almalıdırlar ki, dənli bitkilərin istehsalında yüksək nəticələrin əldə olunması aqrotexniki tədbirlərin uğurlu tətbiqindən və sortların düzgün seçilməsindən çox asılıdır”, - deyə Qobustan BTS-nin direktoru bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.