DÜNYA
Taxtadan hazırlanmış göydələnlərə maraq artır
Bakı, 23 iyul, Maqsud Dadaşov, AZƏRTAC
Son zamanlar şəhərlərin ekoloji cəhətdən daha təmiz olması üçün müxtəlif ölkələrdə maraqlı təşəbbüslər gündəmdədir. Bu baxımdan, taxta materialdan hazırlanmış tikililərin inşası geniş yayılıb.
AZƏRTAC xəbər verir ki, taxta ekoloji təmiz, “yaşıl” şəhərlər üçün əvəzedilməz materialdır. Taxtadan hazırlanmış göydələnlərə artıq bir sıra şəhərlərdə rast gəlmək olar. Bu yaxınlarda İsveçin Skelleftea şəhərində də 19 mərtəbəli göydələnin inşası planlaşdırılır. Mədəniyyət mərkəzi və otel kimi istifadəsi nəzərdə tutulan bu tikiliyə “Sida vid Sida” (yan-yana) adı verilib. Şəhərdə mövcud yaşıllıq ərazinin qorunub saxlanılması, eyni zamanda, zəngin ağac sənayesinə dəstək məqsədilə belə bir layihənin icrasına qərar verilib. “Sida vid Sida” Skandinaviya ölkələrində taxtadan hazırlanmış ən hündür tikili olacaq. Göydələnin inşasının 2019-cu ildə başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, 2012-ci ildə Melburnda, 2014-cü ildə Bergendə, ötən il isə Londonda inşa edilmiş taxta tikililər bu tendensiyanın sürətlə genişləndiyini göstərir. Mütəxəssislər məhz inşaat sektoru üçün adi taxtadan bir neçə dəfə daha dayanıqlı taxta materialın istehsalının mümkünlüyündən bəhs edirlər.