Taxtakörpü su anbarında suyun səviyyəsi niyə azalıb?
AzerTAg.az

Quba, 20 fevral, Elxan Yusifli, AZƏRTAC
Ölkəmizdə mühüm hidrotexniki qurğulardan sayılan Taxtakörpü su anbarında suyun həcmi azalıb. Anbarda suyun səviyyəsi maksimum göstəricidən 46 metr aşağı düşüb.
Azərbaycan Meliorasiya Elmi-Tədqiqat İnstitutunun direktoru Mir Mövsüm Dadaşev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, anbarda suyun səviyyəsinin aşağı düşməsi son illər xüsusilə yay mövsümündə Samur çayında su ehtiyatlarının kəskin azalması ilə əlaqədardır.
“Anbarda suyun azalması təbii amillərlə bağlıdır. İqlim dəyişikliyi faktorunu xüsusi vurğulamaq lazımdır. Anbarı su ilə təmin edən mənbələrdə, xüsusilə Samur çayında quraqlıq səbəbindən suyun azalması müşahidə olunur. Hidrotexniki qurğuda suyun həcmi ilə bağlı dəqiq informasiyalar mart ayında aparılacaq monitorinqlərdən sonra məlum olacaq. Su anbarı istifadəyə verildikdən sonra burada 1 milyard 190 milyon kubmetr su toplanıb. Bunun da 1 milyard 86 milyon kubmetri istifadə edilib. İstifadə edilən suyun 877 milyon kubmetri Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin içməli su təchizatına sərf olunub”, - deyə Mir Mövsüm Dadaşev söyləyib.
Mütəxəssis bildirib ki, anbarda suyun səviyyəsi hazırda aşağı düşsə də, yaz aylarında yağıntı çox olarsa, Bakı, Sumqayıt şəhərlərinin, Abşeron yarımadası və ölkənin şimal zonasının kənd təsərrüfatı sahələrinin su təminatında çətinliklər yaranmayacaq.
“Bildiyiniz kimi, bizim su ehtiyatlarımızın 70 faizi transsərhədd çayları və kanalları hesabına formalaşır. Kür, Araz və Samur çaylarının hər biri başqa ölkələrin ərazisindən keçərək ölkəmizə gəlib çıxır. İqlim faktorları ilə yanaşı, bu çayların suyundan bizdən qabaq kifayət qədər digər istifadəçilərin olmasını da nəzərə almalıyıq. Buna baxmayaraq, dövlətimizin başçısının tapşırığına əsasən müvafiq dövlət qurumları su ehtiyatlarından səmərəli istifadə üçün tədbirlər görürlər. Yeni anbarlar, hidrotexniki qurğular, kanallar inşa olunur. Amma vacib məsələlərdən biri fermerlərimizin sudan düzgün, səmərəli istifadə etməsidir. Bu istiqamətdə də maarifləndirmə işləri həyata keçirilir”, - deyə Mir Mövsüm Dadaşev söyləyib.
Respublikamızda içməli su probleminin aradan qaldırılması istiqamətində xüsusi əhəmiyyəti ilə fərqlənən “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində inşa edilən Taxtakörpü Su Anbarının Su Elektrik Stansiyası ilə birgə Taxtakörpü-Ceyranbatan, Vəlvələçay-Taxtakörpü kanallarının tikintisi layihələrinin reallaşdırılması ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malikdir.
Bu hidrotexniki qurğu Azərbaycanda reallaşdırılmış layihələrdən müasirliyi və mükəmməlliyi ilə fərqlənir. Bəndin uzunluğu 1180, hündürlüyü 142,5 metrdir. Sahəsi 8,7 kvadratkilometrə çatan gölün ümumi su tutumu 268,4 milyon kubmetr, faydalı həcmi isə 218,9 milyon kubmetrdir. Su anbarından Taxtakörpü-Ceyranbatan kanalına saniyədə 40 kubmetr su axıdılır, burada quraşdırılan üç turbin vasitəsilə 25 mVt elektrik enerjisi istehsal edilir. Ümumilikdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsi nəticəsində Sumqayıt şəhəri, Abşeron yarımadası, xüsusən də Bakıətrafı kənd və qəsəbələrə saniyədə 18 kubmetr suyun verilməsinə imkan yaranıb. Beləliklə, əhalinin içməli suya, eləcə də suvarma və texniki suya olan tələbatı tam yaxşılaşıb. Suyun öz axını ilə Ceyranbatan su anbarına verilməsi nəticəsində 167 milyon kilovat-saat elektrik enerjisinə və 15 milyon manata qədər maddi vəsaitə qənaət edilir.
2013-cü ildə istifadəyə verilən su anbarının sayəsində Sumqayıtın, Bakı və Bakıətrafı qəsəbələrin suya olan ehtiyacı daha yaxşı ödənilib, regionun fasiləsiz elektrik enerjisi ilə təminatına əsaslı zəmin yaranıb, başqa sözlə desək, Taxtakörpü su anbarı bu yerlərə yeni həyat gətirib.
Xəbərin mətnində orfoqrafik səhv var