MƏDƏNİYYƏT
Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının aktyorları yeni tamaşa hazırlayıb
Tbilisi, 29 iyun, AZƏRTAC
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının aktyorları gürcü yazıçısı Laşa Bağadzenin “O stul və bax bu çarpayı” əsərinin motivləri əsasında yeni tamaşa hazırlayıb.
AZƏRTAC xəbər verir ki, əsərdə ailə-məişət mövzusu ardıcıl və dinamik şəkildə açılır. Yenicə ailə qurmuş gənclər öz şirin arzularını həyata keçirməyə can atırlar. Amma həyatın acı üzü də var və bu iki gənc ağır sınaqdan keçməli olurlar. Şər qüvvə onların həyatını zəhərləməyə, xəyallarını puça çıxarmağa, gənc ailəni dağıtmağa çalışır. Amma yaxşı insanlar da var. Yaxşı qonşu vaxtında məsələdən agah olur, şəri qovub, gəncləri xoşbəxt həyata qaytarır.
Səhnə əsərində rolları aktyorlar Aslan Məmmədov, Leyla Qasımova, Namiq Musayev və Vüqar Maşov canlandırıblar. Tamaşa alqışlarla qarşılanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi