CƏMİYYƏT
Tbilisi Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı fakültəsi yaradılması məsələsi müzakirə olunub
Tbilisi, 21 aprel, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev aprelin 21-də İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Giorgi Şarvaşidze ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Strateji tərəfdaş olan ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksələn xətlə inkişaf etdiyi vurğulanıb.
Görüşdə, həmçinin Bakı Dövlət Universiteti ilə Tbilisi Dövlət Universiteti arasında əməkdaşlığın inkişafı istiqamətində işlərin davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb, universitet rəhbərlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olunub.
2019-cu il noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı tədbirdə iştirak etmək üçün ölkəmizdə olduğunu vurğulayan rektor G.Şaravaşide Azərbaycanın inkişaf tempindən fərəh duyduğunu, rəhbərlik etdiyi ali təhsil ocağının Azərbaycan universitetləri ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Görüş zamanı Tbilisi Dövlət Universitetinin nəzdində Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılması barədə müzakirələr aparılıb. Vurğulanıb ki, bu fakültənin yaradılması Gürcüstanın azərbaycandilli məktəblərində kadr çatışmazlığı probleminin qarşısını alacaq.
Səfir ölkəmizlə əlaqələrə verdiyi böyük önəmə və dəstəyə görə rektora təşəkkür edib, Tbilisi Dövlət Universiteti ilə səfirlik arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini söyləyib.
Daha sonra F.Quliyev Tbilisi Dövlət Universitetində yerləşən Heydər Əliyev Mərkəzində aparılan yenidənqurma və bərpa işləri ilə tanış olub. Universitet rəhbərliyi Mərkəzdə təmir işlərinin növbəti tədris ilinin başlanmasına qədər yekunlaşacağını bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi