MƏDƏNİYYƏT
Tbilisi Dram Teatrında azərbaycanlı rejissorun tamaşası oynanılıb
Tbilisi, 21 may, AZƏRTAC
Mayın 21-də Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrında bu mədəniyyət ocağının rejissoru Turqay Vəlizadənin Anton Çexovun “Ayı” əsəri əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın təqdimatı olub.
Tamaşanın süjet xəttini Smirnov adlı mülkədardan pul almış Popovlar ailəsinin sonradan borcunu qaytara bilməməsi, mülkədarla bu ailə arasındakı münasibətlər təşkil edir.
Atasının vəfatından sonra mülkədardan aldıqları pulu qaytara bilməyən gənc qız Elena Popova müxtəlif bəhanələrlə Smirnovun təqiblərindən qaçır. Bu işdə ona qulluqçu Luka çox kömək edir. Lakin sonradan Smirnovun Elenaya aşiq olması vəziyyəti tam dəyişir. Məhəbbətin qalib gəldiyi tamaşa xoş sonluqla başa çatır.
Tamaşada əsas rolları Tbilisi Rus Dram Teatrının aktyorları Tamar Dubixidze, Dmitri Nabaxia və Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyoru Aslan Məmmədov oynayıblar.
Tamaşa alqışlarla qarşılanıb.
Qeyd edək ki, Turqay Vəlizadə Ş.Rustaveli adına Tbilisi Dövlət Teatr və Kino Universitetinin rejissorluq ixtisası üzrə magistr dərəcəsi alan ilk azərbaycanlıdır. “Ayı” tamaşası da onun magistr dərəcəsi üzrə diplom işi olub.
T.Vəlizadə yaxın vaxtlarda Azərbaycan dilində də yeni tamaşalar hazırlayacağını bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi