CƏMİYYƏT
Tbilisidə “Azərbaycan-Gürcüstan münasibətlərində ictimai təşkilatların rolu” mövzusunda beynəlxalq konfrans keçirilib
Tbilisi, 9 mart, AZƏRTAC
Tbilisidə “Azərbaycan-Gürcüstan münasibətlərində ictimai təşkilatların rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın və Gürcüstanın qeyri-hökumət təşkilatlarının, elm, ictimaiyyət və dini icmaların nümayəndələri iştirak ediblər. Türkiyə nümayəndə heyəti konfransa qonaq qismində qatılıb.
Tədbirin əsas təşkilatçılarından olan “Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə” təşkilatının sədri Musa Hacıyev çıxış edərək bildirib ki, artıq üçüncü dəfədir təşkil olunan tədbirin məqsədi Cənubi Qafqazdakı vəziyyət, təhlükəsizlik və iqtisadi tərəqqi, Azərbaycan-Gürcüstan dostluğunun bu inkişafa təsiri, eləcə də regionda mövcud olan münaqişələr, xüsusən də ermənilərin zaman-zaman bölgədəki işğalçılıq və düşmənçilik siyasəti barədə həqiqətləri QHT-lərin dilindən ictimaiyyətə çatdırmaqdır.
“Hilal Sosial Araşdırmalar” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov çıxışında regionda mövcud olan regional münaqişələrdən, Azərbaycanın Dağlıq Qarabağ, Gürcüstanın isə Abxaziya bölgələrində məcburi köçkün düşmüş insanların acınacaqlı vəziyyətindən bəhs edib, ermənilər tərəfindən girov götürülmüş dinc sakinlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışıb. Bildirib ki, QHT-lərin birgə səyi ilə nəticəsində münaqişələrin ədalətli həllinə nail olmaq mümkündür. O, Azərbaycan, Gürcüstan və Türkiyə QHT-lərinin birgə forumunun yaradılmasını təklif edib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə çıxış edərək hər iki ölkənin ictimai təşkilatlarının bir araya gələrək mövcud problemlərin, xüsusən də regional münaqişələrin həlli ilə bağlı səylərini birləşdirmələrini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin QHT-lərinin forumunun yaradılması hər üç ölkənin dostluq münasibətlərinin daha möhkəmlənməsinə xidmət edəcək.
Sonra “Müasir inkişaf” İB-nin sədri Mübariz Göyüşlü, “Gənclərin Töhfəsi” İB-nin sədri Asim Vəliyev, gürcü professorlar Quram Marxuliya, Nika Glitadze, Türkiyənin Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Onur Sevim və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin inkişaf tarixi, perspektivləri, regionda həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi–Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin əhəmiyyəti, ermənilərin regiondakı pozuculuq, terrorizm və işğalçılıq fəaliyyəti ətrafında müzakirələr aparılıb.
Azərbaycan, Gürcüstan və Türkiyə QHT-lərinin birgə iştirakı ilə bu cür tədbirlərin təşkilinin, siyasi, sosial, humanitar, mədəni layihələrlə yanaşı, iqtisadi layihələrin də həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi