CÜMHURİYYƏT - 100
Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb
Tbilisi, 24 may, AZƏRTAC
Mayın 24-də Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubileylərinə həsr olunmuş sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin, Gürcüstan Parlament Kitabxanasının, AZƏRTAC-ın və Gürcüstan Milli Arxivinin birgə təşkilatçılığı, Valeh Hacılar Fondunun və Sədaqət İsmayılova Fondunun dəstəyi ilə açılan sərgidə Azərbaycanın səfirliyinin və baş konsulluğunun əməkdaşları, Gürcüstanın hökumətinin və parlamentinin üzvləri, elm, incəsənət, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərgidə 1918-1922-ci illərdə Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələr üzrə imzalanmış saziş və müqavilələr, hər iki ölkənin nümayəndə heyətlərinin Paris Sülh Konfransı ilə bağlı müraciət, bəyannamə, protokol, digər sənəd və fotolarının surətləri, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu 1918-ci ildə çəkilmiş fotolar, həmin dövrdə nəşr edilən qəzet, jurnal və digər yazılı materiallar nümayiş olunur.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva tədbiri açaraq 1918-1920-ci illərdə Cənubi Qafqazda baş verən proseslər, tarixən qonşu və dost olan Azərbaycanın və Gürcüstanın müstəqil dövlət yaratmaları və digər tarixi proseslər barədə məlumat verib. Bildirib ki, ölkələrimiz arasında tarixən mövcud olan dostluq əlaqələri 1991-ci ildə hər iki dövlətin müstəqilliyinin bərpasından sonra daha da inkişaf edib.
L.Əliyeva sərgidə nümayiş etdirilən materialların sanballı tarixi sənədlər olduğunu vurğulayıb.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında deyib ki, 100 il əvvəl Azərbaycanın və Gürcüstanın ilk respublikalarının yaranmasının bu gün təntənəli şəkildə qeyd olunması böyük tarixi hadisədir. Diplomat deyib: “Tbilisi 100 il bundan əvvəl də böyük tarixi hadisələrə şahidlik edib. Azərbaycan və Gürcüstan öz müstəqilliklərinə məhz bu şəhərdə qovuşublar. Bu, hər iki dövlətin şanlı tarixidir”.
D.Həsənov dövlətlərimiz və xalqlarımız arasında dostluq münasibətlərinin bu gün də inkişaf etdiyini, bu cür tədbirlərdə hər iki xalqın nümayəndələrinin birgə iştirakını xüsusi vurğulayıb.
Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev çıxışında sərginin təşkilini yüksək qiymətləndirib və bildirib ki, bu tədbir iki dövlətin oxşar tarixini nümayiş etdirir. Deputat nadir sənəd və foto materialların daha geniş ictimaiyyətə tanıdılması üçün bu cür sərgilərin Gürcüstanın bölgələrində də təşkil olunmasını təklif edib.
Gürcüstan mədəniyyət və idman nazirinin müşaviri Giorgi Gegeçkori çıxışında iki dövlət arasındakı münasibətlərin inkişafında M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin fəaliyyətini yüksək qiymətləndirib. O, muzeydə təşkil olunan tədbirlərin xalqlarımız arasında münasibətlərin möhkəmlənməsində böyük rol oynadığını qeyd edib.
Digər çıxış edənlər sərginin əhəmiyyətindən danışıb, bu cür tədbirlərin xalqlarımız arasında əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıblar.
Gürcüstanın Milli Arxivi tərəfindən sərgiyə təqdim olunmuş sənəd və fotoların surətləri M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin ekspozisiyasına daxil edilib.
Tədbirdə Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.
Muzeyin direktoru Leyla Əliyeva jurnalistlərə müsahibəsində deyib: “Azərbaycanın və Gürcüstanın şanlı tarixini əks etdirən sərginin açılışı adi mədəni tədbir deyil. Bu yolla biz, xaqlarımızın müstəqillik mübarizəsini, bu amal uğrunda qazanılan uğurları ictimaiyyətə təqdim edirik. İnanıram ki, sərgidə nümayiş olunan materiallar bizim gənc nəslin maariflənməsində də mühüm rol oynayacaq”.
Tədbirin təşkilatçılarından olan AZƏRTAC-ın əməkdaşı Xətayi Əzizov müsahibəsində deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti, Cümhuriyyət dövründə əldə edilən çoxsaylı uğur və nailiyyətləri sübut edən sənədlərin Tbilisidə ictimaiyyətə təqdim olunması çox mühüm hadisədir. Sərgidə Xalq Cümhuriyyətinin Azərbaycanın dövlət quruculuğunda, habelə müasir Azərbaycanın formalaşmasında oynadığı mühüm rol barədə məlumat verdik. Düşünürəm ki, bu cür tədbirlər davamlı olmalıdır.