CƏMİYYƏT
Tbilisidə Azərbaycan və Gürcüstan qiymətləndirici mütəxəssisləri üçün seminar keçirilir
Tbilisi, 9 noyabr, AZƏRTAC
Noyabrın 9-da Tbilisidə Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (BQŞS) təşkilatçılığı ilə Azərbaycan və Gürcüstan qiymətləndirici mütəxəssisləri üçün seminar keçirilir.
AZƏRTAC xəbər verir ki, seminar Mühasibat Uçotunun Beynəlxalq Standartı “Aktivlərin qiymətdən düşməsi” və Maliyyə Hesabatının Beynəlxalq Standartı “Müəssisələrin birləşməsi” zamanı qiymətləndirmənin həyata keçirilməsi metodikası, bu sahədə beynəlxalq təcrübəyə həsr olunub.
Seminarda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nüsrət İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
BQŞC–nin “Standartların tətbiqi və üzvlüyün qeydiyyatı üzrə” İdarə Heyətinin üzvü Corc Badesku çıxış edərək dövlət, özəl və şəxsi mülkiyyətin, daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi üzrə beynəlxalq standartlar, mühasibat uçotunun beynəlxalq standartları, maliyyə hesabatının beynəlxalq standartları barədə məlumat verib.
İki gün davam edəcək seminar çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Nüsrət İbrahimov Corc Badesku ilə görüşəcək. Görüşdə Azərbaycanın BQŞC-yə tamhüquqlu üzv qəbul olunması, bu sahədə mövcud vəziyyət və görüləcək işlər müzakirə olunacaq.
Azərbaycan nümayəndə heyəti, həmçinin Gürcüstan Müstəqil Qiymətləndirmə Cəmiyyətinin İdarə Heyəti ilə görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, birgə maraqlar çərçivəsində layihələrin icrası ilə bağlı müzakirələr aparacaq.
Seminarın sonunda Azərbaycanın qiymətləndirici ekspertlərinə Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının sertifikatları təqdim ediləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi