CƏMİYYƏT
Tbilisidə Azərbaycanın Qələbəsinə həsr olunmuş avtoyürüş keçirilib
Tbilisi, 10 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Qarabağdakı qələbəsi Gürcüstan paytaxtında da coşqu ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Qələbə münasibətilə paytaxt Tbilisidə avtoyürüş keçirilib.
AZƏRTAC-ın təşəbbüsü ilə keçirilən yürüş iştirakçıları Azərbaycanın Tbilisidəki səfirliyinin qarşısından hərəkətə başlayıb.
Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları ilə bəzədilmiş avtomobil karvanı Azadlıq meydanı, Rustaveli prospekti və digər mərkəzi küçə və prospektlərdən keçib. İştirakçılar şəhərin müxtəlif yerlərində bir neçə dəfə dayanaraq “Yaşasın Azərbaycan!”, “Yaşasın Azərbaycan-Türkiyə- Gürcüstan qardaşlığı!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarlarını səsləndiriblər.
Avtoyürüşün əsas təşkilatçısı gənc fəal Leyla Əmrahova deyib: “Bu gün ürəyi doğma Vətən eşqi ilə döyünən hər bir azərbaycanlı Müzəffər Ali Baş Komandanımız və şanlı Ordumuzun tarixi qələbəsini qeyd edir. Biz də AZƏRTAC-ın təşəbbüsünü bəyəndik və yürüş təşkil etməklə Azərbaycana dəstəyimizi, qələbə sevincimizi nümayiş etdirdik”.
Onun sözlərinə görə, Gürcüstanda yaşayan soydaşlarımız bu qələbəni çoxdan gözləyirdilər. Noyabrın 8-də qədim Şuşa işğaldan azad edildikdən sonra bu inam daha da artdı. Cəmi bir gün sonra biz tam qələbə sevincini yaşadıq.
“Bizə bu sevinci, bayramı, qələbə hissini yaşadan Prezidentimizə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna minnətdarıq”, - deyə L.Əmrahova vurğulayıb.
Atası ilə yürüşdə iştirak edən balaca Nəzrin də qələbə sevincini bizimlə bölüşüb: “Biz Azərbaycanı çox sevirik. Nə yaxşı ki, bu müharibə başa çatdı. Daha uşaqlar ölməyəcək, onlar da öz evlərinə dönəcəklər. Mən bu qələbədən çox sevinirəm. Xoşbəxtəm ki, azərbaycanlıyam”
Qeyd edək ki, avtoyürüşdə 20-dən çox avtomobil və 50-dən çox soydaşımız iştirak edib.
Tədbir yerli və Azərbaycan KİV-lərində də işıqlandırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi