SİYASƏT
Tbilisidə Azərbaycanın və Gürcüstanın xarici işlər nazirlərinin görüşü olub
Tbilisi, 8 oktyabr, AZƏRTAC
Tbilisidə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı həmkarını Gürcüstanda görməkdən məmnun olduğunu bildirən M.Canelidze ölkələrimiz arasındakı əlaqələrin inkişaf etdiyini söyləyib. O, Azərbaycanın GUAM-dakı mühüm rolunu qeyd edib.
E.Məmmədyarov Gürcüstanın GUAM-ın 20 illik yubileyi ilə bağlı tədbirlərə ev sahibliyi etməsini yüksək dəyərləndirib. Nazir GUAM-ın fəaliyyətinin bundan sonra daha da güclənəcəyinə əminliyini bildirib.
Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli və beynəlxalq təşkilatlar, eləcə də GUAM çərçivəsində əməkdaşlığın perspektivləri, GUAM-ın fəaliyyətinin səmərəliliyinin artırılması, regional təhlükəsizlik, enerji layihələri və s. məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi