İQTİSADİYYAT
Tbilisidə “Caspian Energy Club”un və AZEBİ-nin üzvləri arasında görüş keçirilib
Tbilisi, 20 may, AZƏRTAC
"Caspian Energy Club"un dəstəyi ilə Gürcüstanda səfərdə olan 30-dan çox Azərbaycan şirkətinin rəhbərləri mayın 20-də Tbilisidə Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən görüşdə iki təşkilat arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov rəhbərlik etdiyi birliyin fəaliyyəti barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, təşkilatın əsas məqsədi Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin və investisiyaların həcminin artmasına, quruma üzv şirkətlərin dövlətlə, yerli və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı vasitəsilə iş mühitinin inkişaf etdirilməsinə dəstək olmaqdır.
Bildirib ki, “Caspian Enegy Club” ilə əməkdaşlığın inkişafının təkcə bu qurumlar arasında deyil, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə və inkişafına xidmət edəcək.
"Caspian Energy Club"un idarə heyətinin sədri, baş icraçı direktor Telman Əliyev bildirib ki, görüşün əsas məqsədi Azərbaycanın və Gürcüstanın iş adamları arasında əməkdaşlığı inkişaf etdirmək, onların üçüncü ölkələrə birgə çıxışına köməklik göstərməkdir.
Onun sözlərinə görə, birgə əməkdaşlıq çərçivəsində müxtəlif biznes tədbirlərin təşkili ilə iki ölkənin şirkətləri arasında şəbəkələşmənin yaranması nəzərdə tutulub.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Sərxan İsmayılov çıxışında ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışıb, iş adamları arasında birgə əməkdaşlığın formalaşmasını yüksək qiymətləndirib.
Bildirib ki, bu cür görüşlər ölkələrimiz arasında digər sahələrdə də əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə xidmət edəcək.
Görüşün sonunda AZEBİ ilə “Caspian Energy Club” arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi