İQTİSADİYYAT
Tbilisidə “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutu üzrə koordinasiya komitəsinin iclası keçirilib
Tbilisi, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Tbilisidə “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutu üzrə koordinasiya komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan, Gürcüstan, Ukrayna, Qazaxıstan və Polşanın dəmir yolu idarələrinin rəhbərləri iştirak ediblər. Ölkəmizi tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov təmsil edib. İclasda komitənin işinin səmərəliliyinin artırılması ilə bağlı təkliflər irəli sürülüb. Bildirilib ki, bu dəhlizin tam istifadəyə verilməsi digər layihələrin reallaşdırılmasına imkan yaradacaq.
İclasda konteynerlərin, vaqonların “Cənub-Qərb” marşrutu üzrə daşınması üçün gələn ildən kompleks tarif qiymətlərinin müəyyənləşdirilməsi, blok-qatarların təşkili və xəttə buraxılması, komitənin işinin təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunub.
Sonda görüşün protokolu imzalanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi