SİYASƏT
Tbilisidə Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü geniş qeyd edilib
Tbilisi, 11 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Tbilisidə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkil etdiyi tədbirdə Gürcüstanın dövlət və hökumət rəsmiləri, Tbilisidəki diplomatik korpusun rəhbərləri, Azərbaycan iş adamları, Mənəvi Dəyərlərin Təbliği Fondunun, Azərbaycan İlahiyyat İnstitutunun, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və din xadimləri iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək Ulu Öndərin doğum günü ilə əlaqədar bu ölkədə silsilə tədbirlərin keçirildiyini bildirib.
Qeyd edib ki, Heydər Əliyev Azərbaycanı inkişaf yoluna çıxarmaqla yanaşı, dövlətçiliyimizin möhkəmlənməsində, dünyada layiqli yerini tutmasında misilsiz işlər görüb. Ulu Öndər həmçinin, bütün Cənubi Qafqaz bölgəsini də dünyaya tanıdıb.
“Heydər Əliyev Gürcüstanla əməkdaşlığın qurulması və onun strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması sayəsində Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Biz vahid bölgə olaraq dünyanın diqqətini cəlb edə və irimiqyaslı layihələri həyata keçirə bildik”,- deyə səfir vurğulayıb.
Diplomat Ümummilli Liderin ad gününün dünyada yaşayan azərbaycanlılar üçün əsl bayram olduğunu qeyd edib: “Biz hər gün öz fəaliyyətimizdə Heydər Əliyevin qarşıya qoyduğu vəzifələri yerinə yetirməyə, həmrəyliyimizi daha da möhkəmləndirməyə, Azərbaycanı və bütün bölgəni irəli aparmağa çalışmalıyıq”.
Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsalia çıxış edərək ölkələrimiz arasındakı əlaqələrin tarixinə nəzər salıb. Bildirib ki, Gürcüstan-Azərbaycan münasibətlərinin bugünkü səviyyəyə yüksəlməsində Heydər Əliyevin böyük rolu olub. Heydər Əliyev Gürcüstanla münasibətlərin ümumi maraqlar çərçivəsində inkişaf etdirilməsinin tərəfdarı olub.
Onun sözlərinə görə, Gürcüstan ilə Azərbaycan arasındakı sıx münasibətlər ticari-iqtisadi əlaqələrə də öz müsbət təsirini göstərib. Son dövrlərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi artıb və Gürcüstana səfər edən əcnəbilər arasında Azərbaycandan olan turistlər çoxluq təşkil edirlər.
L.Darsalia xatırladıb ki, iki ölkənin iştirakı ilə nəqliyyat və energetika sahələrində mühüm layihələr həyata keçirilib.
O, ölkəsinin Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsinə və möhkəmlənməsinə tərəfdar olduğunu qeyd edib.
Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili çıxışında deyib ki, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi dövrdə bütün Qafqaz ölkələri çətin durumda idilər: “Heydər Əliyev müdrik siyasəti ilə Azərbaycanı müasir dövlətə çevirdi və böyük nailiyyətlərə nail oldu. Onun təşəbbüsü ilə bölgədə həyata keçirilmiş layihələr ölkələrin sabit inkişafına zəmin yaradıb. Gürcüstan xalqı və siyasi elitası Heydər Əliyevi hər zaman hörmətlə anır”.
Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti Giorgi Kvesitadze, MDTF-nun icraçı direktoru Mehman İsmayılov, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, Gürcüstan Patriarxlığının nümayəndəsi (protopresviteri) Giorgi Zviadadze və başqaları çıxış edərək Heydər Əliyevlə bağlı təəssüratlarını bölüşüblər.
Çıxış edənlər Azərbaycanın ümummilli liderinin daxili və xarici siyasətindən, Gürcüstanla münasibətlərin qurulmasındakı böyük xidmətlərindən, Gürcüstan azərbaycanlılarına göstərdiyi böyük diqqət və qayğıdan söz açıblar.
Tədbirdə Azərbaycanın milli musiqi və mahnıları səsləndirilib, qonaqlar Azərbaycan milli mətbəxinin ləziz təamlarının dadına baxıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi