CƏMİYYƏT


Tbilisidə “İnternetlə idarəetmə - Avropa dialoqu: AVRODIG-2018” beynəlxalq forumu keçirilib

Tbilisi, 5 iyun, AZƏRTAC

İyunun 5-də Tbilisidə “İnternetlə idarəetmə - Avropa dialoqu: AVRODIG-2018” beynəlxalq forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin təşkil etdiyi tədbirdə Avropa İttifaqı, Avropa Komissiyası və Avropanın rəqəmsal iqtisadiyyat institutları da daxil olmaqla 400-dən çox nümayəndə iştirak edib.

Ölkəmizi bu tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər, Xarici İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq idarə və təşkilatlarının nümayəndələri təmsil ediblər.

Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili dünyada və regionda gedən proseslər, hadisələrin gedişinə internetin təsiri, kibercinayətkarlıq və cinayətkarlığın bu və digər formalarına qarşı birgə mübarizənin vacibliyindən danışıb.

Sonra forumda internet resurslarından səmərəli istifadə, informasiya mübadiləsi, kibercinayətkarlığa qarşı birgə mübarizə, internetin ictimai, siyasi, mədəni, humanitar və iqtisadi sahələrin inkişafındakı rolu, bu sahələrdəki problemlər, rəqəmsal texnologiyaların inkişafı və digər məsələlər müzakirə olunub. Forumda, eyni zamanda, kriptovalyutalar, bitkoinlər vasitəsilə çirkli pulların yuyulmasının qarşısının alınması məsələsi də diqqət mərkəzində olub.

Kibercinayətkarlığa qarşı mübarizə sahəsində Avropa Konvensiyasına qoşulan ölkələrin bu sahədəki təcrübəsi də müzakirə olunan əsas məsələlərdən olub.

Bildirilib ki, MDB ölkələri sırasında Azərbaycan, Moldova və Ermənistan bu konvensiyaya qoşulub.

Azərbaycanda qanunların, xüsusən Cinayət Məcəlləsinin bu konvensiyaya uyğunlaşdırılması, yeni mütərəqqi qanunların qəbulu yüksək qiymətləndirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov forumda iştirak edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.