SİYASƏT


Tbilisidə “Münaqişə zonalarında mədəni irsin mühafizəsinin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib

Tbilisi, 28 iyun, AZƏRTAC

İyunun 28-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Münaqişə zonalarında mədəni irsin mühafizəsinin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva tədbirin məqsədi barədə məlumat verib. Bildirib ki, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin “Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatlar barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” adlı layihə çərçivəsində təşkil olunan tədbirin əsas məqsədi Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın iqtisadi və mədəni sahələrinə dəyən ziyan barədə ətraflı məlumat verməkdir.

Birliyin sədri, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib ki, tədbirin əsas məqsədi Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatlar mövzusunu gündəmə gətirməklə, beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən Azərbaycana vurulmuş zərərlər barədə məlumatlandırmaqdır. Məlumat verilib ki, Ermənistanın işğal etdiyi Azərbaycan rayonlarında 2 qızıl, 4 civə, 2 xrom, 1 sink-qalay, 1 mis və 1 antimonitik hasil edən faydalı qazıntılar işğalçı ölkənin müəssisələrinə daşınır. Bu hərbi təcavüz nəticəsində 879 yaşayış məntəqəsi işğal olunub, etnik təmizləməyə məruz qalıb və yandırılıb. İşğal olunmuş ərazilərdə ümumi sahəsi 9,1 milyon kvadratmetr olan 150 minə qədər yaşayış evi və mənzil, 6000-dək sənaye, kənd təsərrüfatı və digər müəssisələr, 1 milyon hektardan artıq kənd təsərrüfatına yararlı torpaq sahəsi, o cümlədən 127 min 700 hektar suvarılan torpaqlar, 34 min 600 hektar üzüm və meyvə bağları dövriyyədən çıxarılıb. Bundan başqa, 1203 kilometr uzunluğunda olan şaxəli irriqasiya infrastrukturu tam məhv edilib, o da özündə ümumi tutumu 674 milyon kubmetr olan 5 su anbarını, 7296 hidrotexniki qurğunu, 36 nasos stansiyasını və 26 suvarma sistemini birləşdirirdi. İlkin hesablamalara görə, işğal olunmuş rayonlarda 144 min baş xırdabuynuzlu və 69 min baş iribuynuzlu heyvanlar Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılıb və soyğunçuluğa məruz qalıb. 4366 təhsil və səhiyyə obyekti, o cümlədən 690 orta məktəb, 855 məktəbəqədər müəssisə, 4 sanitar–müalicə kompleksi, 490 xəstəxana və digər səhiyyə obyektləri sıradan çıxarılıb.

Diqqətə çatdırılıb ki, erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsini təmsil edən obyektləri kütləvi şəkildə məhv ediblər. Belə ki, işğal altındakı ərazilərdə 23 muzey, 4 şəkil qalereyası dağıdılıb. Yüz min muzey eksponatı oğurlanaraq ölkədən çıxarılıb, 4500 tarixi abidə vandalizmə uğradılıb. Mədəniyyət və incəsənət müəssisələri, o cümlədən 6 dövlət teatrı və konsert təşkilatı, 927 kitabxana, 386 klub müəssisəsi və 85 musiqi məktəbi dağıdılaraq yararsız hala salınıb.

Tədbirdə ermənilərin dağıtdıqları tarixi, dini, mədəni abidələr, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında aparılan danışıqlar barədə fotoslaydlar vasitəsilə azərbaycanlı və gürcü tələbələrə ətraflı məlumat verilib.

Çıxışlarda ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymaması barədə fikirlər səsləndirilib. Bildirilib ki, bu cür tədbirlər vasitəsilə Azərbaycanın məruz qaldığı itki və tələfatların miqyası barədə beynəlxalq ictimaiyyət məlumatlandırılır. Bu da Azərbaycana qarşı tətbiq edilən ikili standartlara ciddi təsir göstərir.

Ermənilərin Azərbaycanda və Gürcüstanda törətdikləri cinayətlərə dair paralellər aparılıb, erməni vandalizminə qarşı birgə mübarizənin vacibliyi vurğulanıb.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.