DÜNYA
Tbilisidə Prezident Salome Zurabişvilinin təşəbbüsü ilə mitinq keçirilib
Tbilisi, 16 iyun, AZƏRTAC
Tbilisidə Prezident Salome Zurabişvilinin təşəbbüsü ilə “Avropaya inteqrasiyaya dəstək” adlı mitinq keçirilir.
AZƏRTAC xəbər verir ki, paytaxtın Avropa meydanında keçirilən “Birlik aksiyası”nda Salome Zurabişvili, eləcə də ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, Avropa İttifaqının səfiri Karl Hartzel, Fransanın səfiri Dieqo Kalas, Almaniyanın səfiri Xubert Knirş və digər ölkələrin səfirləri, ictimai fəallar iştirak edirlər.
S.Zurabişvili çıxış edərək deyib ki, aksiyada prezident kimi deyil, bir vətəndaş olaraq iştirak edir.
O deyib: “Mən burada prezident deyil, ölkəsinə ürəyi yanan bir vətəndaş kimi iştirak edirəm. İnanıram ki, bu ölkənin Avropadan başqa gələcəyi yoxdur. Buraya toplaşan vətəndaşlar hesab edir ki, Gürcüstanın taleyi və perspektivi Avropadadır”.
Qeyd edək ki, sabah Avropa Komissiyası Gürcüstana Aİ-yə üzvlüyə namizəd statusunun verilib-verilməməsi ilə bağlı rəyini açıqlamalıdır.
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası, eləcə də əsas aparıcı ana müxalifət hesab olunan Milli Hərəkat partiyası mitinqdə iştirak etmir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi