CƏMİYYƏT
Tbilisidə Qafqazın ekoloji sisteminin mühafizəsinə həsr olunmuş konfrans keçirilir
Tbilisi, 4 dekabr, AZƏRTAC
Tbilisidə Qafqazın təbiətinin, fauna və florasının mühafizəsinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İrandan olan mütəxəssislər 100-dək nümayəndə iştirak edir.
Üç gün davam edəcək konfransda Qafqazın ekoloji sisteminin mühafizəsi ilə bağlı 6 ölkə tərəfindən görülən işlər və nəzərdə tutulmuş planların, beynəlxalq təşkilatların tövsiyələrinin icrası ilə bağlı məsələlər, eyni zamanda yeni fəaliyyət planının layihəsi müzakirə olunacaq.
Bildirilib ki, 2000-ci ildə hazırlanmış “Ekoregional təbiəti mühafizə planı” sayəsində ötən illər ərzində Qafqazda ekoloji tarazlığın mühafizəsi sahəsində mühüm işlər görülüb.
Çıxış edənlər planın əhatə dairəsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizdə ekoloji sistemin mühafizəsi, nəsli kəsilməkdə olan heyvanların artırılması, bitki örtüyünün qorunması ilə bağlı həyata keçirilən layihələr, qəbul olunmuş dövlət proqramlarının icrası və əldə olunmuş nailiyyətlər barədə məlumat veriblər.
Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, WWF Fondunun (Ümumdünya Təbiəti Mühafizə Fondu) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov AZƏRTAC-a müsahibəsində deyib ki, Qafqazın ekosistemi regionu özündə 6 ölkəni birləşdirir. Sovetlər dövründə bu sistemə Azərbaycan, Gürcüstan və Ermənistan daxil idi. Lakin sonradan İranın, Rusiyanın və Türkiyənin bu 3 ölkə ilə həmsərhəd bölgələrində ekoloji sistem, flora və faunanın eyniliyi nəzərə alınaraq, bu 3 ölkə də sistemə üzv oldular. Hazırda Qafqazın ekosisteminin qorunmasında bu 6 ölkə birgə iştirak edir.
E.Əsərovun sözlərinə görə, 2000-ci ildə 6 ölkənin 150-dən çox alim, mütəxəssis və ekspertinin iştirakı ilə “Ekoregional təbiəti mühafizə planı” hazırlanıb. Üzv ölkələrdə ekoloji sistemin, nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin mühafizəsi, bərpası və inkişafı ilə bağlı planda nəzərdə tutulmuş layihələr demək olar ki, tam yerinə yetirilib. Sistemə üzv ölkələrin və beynəlxalq təbiəti mühafizə təşkilatlarının mütəxəssisləri sayca üçüncü olan plan hazırlayıblar. Bugünkü konfransda həmin planın detalları sonuncu dəfə müzakirə olunur.
O bildirib ki, bu planda, əsasən ekoloji sistemin regional və beynəlxalq səviyyədə mühafizəsi nəzərdə tutulub. Adı “Qırmızı kitab”a düşmüş fauna və flora növlərinin, eləcə də meşələrin, su hövzələrinin, yüksək dağlıq ərazilərinin qoruması məsələləri də planda yer alıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi