CƏMİYYƏT
Tbilisidə “Qara dəniz regionunda nüvə təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib
Tbilisi, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Tbilisidə “Qara dəniz regionunda nüvə təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfransda dünyada və Qara dəniz regionunda nüvə texnologiyalarının inkişafı, tətbiqi, qeyri-leqal yayılması, radioaktiv tullantıların basdırılması, “boz zonalar”dan keçirməklə qanunsuz dövriyyəsinə qarşı mübarizə və s. məsələlər müzakirə olunub.
Konfransda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin də “boz zonalar” siyahısına salınmasının vacibliyini vurğulayıblar.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında narkotiklərin yetişdirildiyi, silah qaçaqmalçılığı, terrorçu dəstələrin hazırlandığı, Metsamor AES-dən çıxarılan radioaktiv tullantıların basdırılması barədə məlumatlar konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Müzakirələr zamanı Azərbaycanın işğal altında olan ərazilərinin də “boz zonalar” siyahısına daxil edilməsi təklifi bir çox iştirakçılar tərəfindən razılıqla qarşılanıb.
Çıxışlar zamanı bildirilib ki, nüvə texnologiyası, nüvə və bioloji silahlar, radioaktiv maddələr, tullantılar insan həyatı üçün çox təhlükəlidir. Bu maddələrin qeyri-leqal daşınması, istifadəsi isə insan sağlamlığı və qlobal təhlükəsizlik üçün ciddi təhdiddir. Dünya ictimaiyyəti nüvə, radioaktiv və bioloji silahlara qarşı birgə mübarizə aparmalıdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi