CƏMİYYƏT
Tbilisidə “Saxta xəbərlər, dezinformasiya və təbliğat” mövzusunda beynəlxalq konfrans keçirilib
Tbilisi, 10 may, AZƏRTAC
Tbilisidə kütləvi informasiya vasitələrinin “Saxta xəbərlər, dezinformasiya və təbliğat mövzusunda 14-cü Cənubi Qafqaz beynəlxalq konfransı keçirilib.
ATƏT-in Media Azadlığı üzrə Bürosu tərəfindən təşkil olunan tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov, Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) rəhbəri Azər Həsrət, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev və digər şəxslər təmsil ediblər.
Konfransda əsasən Cənubi Qafqazda və Avropa ölkələrində KİV-in vəziyyəti, söz, mətbuat azadlığı, dezinformasiyaların yaratdığı təhlükələr, təbliğatın düzgün təşkili, yeni texnologiyalardan istifadə, jurnalistlərin təhlükəsizliyi, bu sahədə qanunvericilik, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, tətbiqi və s. məsələlər müzakirə olunub.
XİN-in sözçüsü H.Hacıyev jurnalistlərə müsahibəsində deyib ki, müzakirə olunan məsələlər Azərbaycan üçün də kifayət qədər aktualdır. Ölkəmizə qarşı bəzi KİV-lər, xüsusən də Qərb ölkələrinin erməni lobbisi ilə əlaqəli olan media orqanları tərəfindən məqsədyönlü şəkildə əks təbliğat və dezinformasiya xarakterli fəaliyyətlər həyata keçirilir. Ölkəmizdə mötəbər tədbirlərin keçirildiyi vaxtlarda bu, daha kəskin xarakter alır. Ona görə də bu məsələlərlə əlaqədar Azərbaycanın mövqeyi barədə fikirlər səsləndirilib.
H.Hacıyevin sözlərinə görə, bu gün ATƏT-in Media Azadlığı üzə Bürosunun fəaliyyətində də islahatlara ehtiyac var. Belə ki, qurum bəzən öz fəaliyyətindən kənara çıxır və media azadlığı məsələləri bəzi dövlətlərə qarşı siyasi alətə, təzyiq vasitəsinə çevrilir. Bu məsələ də geniş şəkildə müzakirə olunub. Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizdə media vasitələrinə dövlət dəstəyinin təmin olunması, ölkəmizin beynəlxalq KİV-lərlə əməkdaşlıq və s. məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Tədbirdə çıxış edən H.Hacıyev bu gün mediada istifadə olunan bəzi terminologiyalara yenidən baxılmasını təklif edib. O deyib ki, bəzi dairələrdə dezinformasiya, bəzilərində təbliğat, digər qurumlarda strateji kommunikasiyalar kimi terminologiyalardan istifadə olunur. Bəzən bu məsələlərə münasibətdə mövqelər eyni olmur. Media azadlığından da siyasi məqsədlərlə istifadə olunması halları var. Bu da çox ciddi problemlər yaradır.
Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışında bu və digər məsələləri də diqqət mərkəzində saxlayıb, ölkəmizdə bu cür mənfi hallara qarşı mübarizə sahəsində görülən işlərdən danışıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi