İQTİSADİYYAT
Tbilisidə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının iclası keçirilib
Tbilisi, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Tbilisidə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Ukraynanın “TIS Konteyner Terminalı” və “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC assosiasiyaya üzv qəbul olunub, eyni zamanda, idarə heyətinin tərkibinə dəyişikliklər edilib.
Sonra bu ilin 9 ayında təsdiq olunmuş yükdaşıma həcmlərinin icrası, Qazaxıstandan bu marşrut vasitəsilə kömür daşınması tariflərinin endirilməsi məsələləri müzakirə olunub, 2020-ci il üçün tariflər ilkin olaraq nəzərdən keçirilib.
Tədbirdə, həmçinin “Kazmortransflot” şirkətinin son yarım ildə Aktau-Bakı fider xətti üzrə konteyner daşınmaları sahəsindəki fəaliyyəti barədə hesabat dinlənilib, şirkətin müqavilə müddətinin uzadılması barədə razılıq əldə olunub.
Eyni zamanda, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fider gəmilərinin həmin marşrut üzrə istifadə olunması müzakirə edilib.
Toplantıda Gürcüstanla yanaşı, Azərbaycan, Qazaxıstan, Ukrayna, Polşa, Türkiyə və Rumıniyadan olan dəmir yolu idarələrinin nümayəndələri, liman və logistika şirkətlərinin 60-dan çox təmsilçisi iştirak edib.
İclasın sonunda Azərbaycan tərəfinin təklifləri nəzərə alınmaqla yekun sənəd imzalanıb.
Ölkəmizi bu tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov başda olmaqla geniş nümayəndə heyəti təmsil edib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi