DÜNYA
Tbilisidə antiterror əməliyyatı başa çatıb
Tbilisi, 22 noyabr, AZƏRTAC
Tbilisidə keçirilən antiterror əməliyyatı başa çatıb, terrorçular zərərsizləşdirilib.
Terrorçuların sayı və yaralılar barədə dəqiq məlumat verilmir. Amma xüsusi təyinatlılar arasında yaralıların olduğu bildirilir.
Xatırladaq ki, noyabrın 22-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti gecə saatlarında Tbilisinin İsani-Samqori rayonu ərazisində terrorçuluqda şübhəli bilinən şəxslərin zərərsizləşdirilməsi əməliyyatı başlayıb. Terrorçulara əvvəlcə təslim olmaq barədə xəbərdarlıq olunub. Lakin terrorçular təslim olmayıb və xüsusi təyinatlılara qarşı müxtəlif silahlardan atəş açmağa başlayıblar. Bundan sonra əraziyə zirehli texnika və canlı qüvvə gətirilib. Terrorçuların yerləşdiyi binada və ətraf binalarda çoxlu sayda mülki şəxs yaşadığı üçün əməliyyat 20 saatadək davam edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi