QAN YADDAŞI
Tbilisidə azərbaycanlı fotoqrafın “20 Yanvar fotolarda” adlı sərgisi açılıb
Tbilisi, 17 yanvar, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbirləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, səfirliyin hazırladığı tədbirlər planına uyğun olaraq yanvarın 17-də Tbilisidəki Parlament Kitabxanasında “20 Yanvar fotolarda” adlı sərgi açılıb.
Sərgidə Gürcüstanda yaşayan azərbaycanlı fotoqraf Şahvələd Eyvazovun 1990-cı ilin qanlı yanvarında Bakıda lentə aldığı 100-ə yaxın fotoşəkil nümayiş etdirilib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov sərginin açılışında çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, hər bir xalqın tarixində daim qürurla xatırlanacaq hadisələr var. Azərbaycan xalqının yaxın tarixinin şanlı və unudulmaz səhifələrindən biri də 20 Yanvar faciəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu paytaxtın müxtəlif istiqamətlərindən şəhərə daxil olaraq dinc sakinlərə divan tutdu, günahsız insanlar gülləboran edildi, yüzlərlə insan yaralandı. Həmin dəhşətli gecədə şəhid olaraq azadlıq yolunda canını qurban verənlər də oldu. Qanlı şənbə gecəsindən sonra da xalqımız qorxmadan küçələrə axışaraq müqəddəs yolda qurban gedən Vətən övladlarını izdihamla son mənzilə yola saldı. İyirmi Yanvar gecəsi baş verənlər qürur və iftixar yerimizdir. Çünki o dəhşətli gecə milli düşüncəmizdə dəyişikliyə səbəb oldu, xalqımız bir amal ətrafında sıx birləşdi. Azərbaycan xalqı azadlığımızın memarlarının əziz xatirəsini heç zaman unutmayacaq.
Diplomat Qanlı Yanvar faciəsinə ilk dəfə ulu öndər Heydər Əliyevin hüquqi-siyasi qiymət verdiyini və törədilən qətliamın dünyaya çatdırılmasında məhz Ulu Öndərin əvəzsiz xidmətlərinin olduğunu xüsusi vurğulayıb.
D.Həsənov Qanlı Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında jurnalistlərin, fotomüxbirlərin rolunu qeyd edib. Həmin dövrdə bütün təhdid və təhlükələrə baxmayaraq, Şahvələd Eyvazov Bakıya gedib və faciənin bütün anlarını fotoaparatının lentinə köçürüb. Bu gün sərgidə nümayiş etdirilən şəkillər təkcə bizim üçün deyil, gələcək nəsillər üçün də tarixi mənbədir.
Fotoqraf Şahvələd Eyvazov çıxış edərək 1990-cı ilin yanvar hadisələri ilə bağlı xatirələrini bölüşüb, sərginin təşkilinə görə səfir Dursun Həsənova minnətdarlıq edib.
Sonra “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyev, türk iş adamı Volkan Arslan, gaxa.ge saytının redaktoru, Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tələbələri Cəfər Məmmədov, Orxan Bayramov, Azərbaycan Televiziyasının Gürcüstan üzrə müxbiri Şahismayıl Məmmədov və başqaları çıxış edərək 20 Yanvar və 9 Aprel hadisələri arasında paralellər aparıb, Azərbaycan və gürcü xalqlarının tarixin acı sınağından alnıaçıq, qalib çıxdığını qeyd ediblər.
Tələbələr və gənclər 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də Bakıda canından keçən vətən övladlarının gənc nəslə örnək olduğunu və işğal altındakı torpaqları azad etməklə onların qanlarının yerdə qalmayacağını bildiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi