MƏDƏNİYYƏT
Tbilisidə azərbaycanlı rəssamların sərgisi açılıb
Tbilisi, 23 mart, AZƏRTAC
Martın 22-də Tbilisidəki Ədəbiyyat Muzeyində Gürcüstanda yaşayıb yaradan azərbaycanlı rəssamlar Rizvan İsmayıl, Əli Əliyev, Azər Musayev və Rasim Həsənovun yağlı boya, qrafika və qarışıq texnika üslubunda çəkdikləri rəsm əsərlərindən ibatət "Palitra-inteqrasiya" adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin, Gürcüstan Mədəniyyət və İdman Nazirliyinin, Marneuli və Qardabani rayon meriyalarının birgə təşəbbüsü və dəstəyi, Marneulidəki "İnkişaf və Təhsil Mərkəzi"nin təşkilatçılığı ilə açılan sərgi Novruz bayramına həsr olunub.
Sərgidə Gürcüstanda yaşayan azərbaycanlı rəssamların 49 əsəri nümayiş etdirilir.
Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili tədbirdə çıxış edərək azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, rəssamların əsərlərinin sərgisinin təşkili mədəniyyətin inkişafı ilə yanaşı, azərbaycanlıların inteqrasiyasında da mühüm rol oynayır.
Nazirin sözlərinə görə, rəssamların əsərlərindəki çox çeşidlilik xalqlarımızın mədəni zənginliyini əks etdirir.
İnkisaf və tərəqqi mərkəzinin ditektoru Emin Əhmədov və başqaları çıxış edərək sərginin əhəmiyiətindən danışıb, bu cür tədbirlərin daha çox təşkil olunmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, bu yolla biz gənc istedadları irəli çəkməklə yanaşı, mədəniyyətimizin inkişafına da təkan veririk.
Rəssamların əsərləri böyük maraqla qarşılanıb. Rizvan İsmayılovun "Qərblə Şərqin dialoqu" (Pikasso və Mircavadın yaradıcılığının tərənnümü), "Zərrəcikdən sonsuzluğa", "Tövbədən sonra", "Balıqların paradı", Azər Musayevin “Həyat”, “Müharibə” əsərləri xüsusi diqqət çəkib.
Tədbirdə Gürcüstanın dövlət və hökumət rəsmiləri, Azərbaycan səfirliyinin məsul əməkdaşları, elm, ictimaiyyət numayəndələri iştirak ediblər.
Tədbirin əsas təşkilatçılarından olan Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov jurnalistlərə müsahibəsində deyib ki, Gürcüstan dövləti Azərbaycan mədəniyyətinə, incəsənətinə, bu ölkədə yaşayan azərbaycanlıların inteqrasiyasına xüsusi önəm verir. Novruz bayramında belə bir sərginin təşkili dövlətin soydaşlarımıza diqqət və qayğısının nümunəsidir. Bu cür tədbirlər davamlı olacaq.
"Məqsəd Gürcüstanda yaşayan azərbaycanlıların mədəniyyətinin təbliğinə, inteqrasiyasına yardım göstərməkdir. Ona görə də bu cür tədbirlər davamlı olacaq”,- deyə A.Məmmədov vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi