İQTİSADİYYAT
Tbilisidə keçirilən İkinci İpək Yolu beynəlxalq konfransı başa çatıb
Tbilisi, 29 noyabr, AZƏRTAC
Gürcüstan paytaxtında keçirilən İkinci İpək Yolu beynəlxalq konfransı başa çatıb.
AZƏRTAC xəbər verir ki, panel iclaslarında davam edən müzakirələrdə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili iştirak edib.
Konfransda böyük İpək Yolunun inkişafı, regional təhlükəsizlik, iqtisadi, enerji, infrastruktur layihələri, logistika, regional əməkdaşlıq məsələləri müzakirə olunub. Çıxışlarda Cənubi Qafqaz ölkələrinin, xüsusən Azərbaycanın, Türkiyənin və Gürcüstanın Avropanın enerji təhlükəsizliyindəki rolu xüsusi qeyd olunub. Eyni zamanda, hər üç ölkənin iştirakı ilə reallaşdırılan nəqliyyat layihələri, yaradılan nəqliyyat infrastrukturları, logistik mərkəzlərin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, iki gün davam edən müzakirələr zamanı Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizlərinin inkişafı, yeni mərkəzlərin yaradılması və s. təkliflər olduqca əhəmiyyətlidir. İştirakçı ölkələr bu təkliflərin reallaşdırılması istiqamətində səmərəli iş aparmalıdırlar.
Müzakirələr zamanı vurğulanıb ki, yeni layihələr həm də geniş investisiya imkanları açır. Beynəlxalq maliyyə qurumları, eləcə də ayrı-ayrı dövlətlər bundan səmərəli istifadə edəcəklər. Bu da xalqların və ölkələrin inkişafında mühüm rol oynayacaq.
Tədbirdə, həmçinin həyata keçirilən iri regional neft və qaz layihələri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi diqqət mərkəzində olub.
Xatırladaq ki, 50-dən çox ölkədən 1000-dən artıq nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəisi Rauf Vəliyev, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının baş direktoru Taleh Ziyadov və digər rəsmi şəxslər təmsil edirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi