CƏMİYYƏT
Tbilisidə keçirilən beynəlxalq konfransda Azərbaycanın bitki mühafizəsi sahəsində təcrübəsindən danışılıb
Tbilisi, 14 mart, AZƏRTAC
“Bu gün dünyanın bir çox ölkəsində ciddi problem yaradan qəhvəyi mərmər taxtabitisinə qarşı birgə mübarizə aparılmalıdır. Birgə mübarizə nəticəsində həm bitki örtüyünün etibarlı mühafizəsinə, həm də insanların sağlamlığına və qida təhlükəsizliyinin təmin olunmasına nail olacağıq”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər “Qəhvəyi mərmər taxtabitisi: fitosanitar tənzimləmə sahəsində beynəlxalq əməkdaşlıq” mövzusunda Tbilisidə keçirilən beynəlxalq konfransda səslənib.
Ölkəmizi bu tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məsul əməkdaşları Camal Quliyev və Taleh Şəmiyev təmsil edirlər.
Tədbirdə son illər ABŞ, Avropa və digər ölkələrdə, eləcə də Gürcüstanda qəhvəyi məxmər taxtabitisinin (mərmər böcəkdə deyilir) bitki örtüyünə vurduğu ziyan barədə məlumat verilib. Bildirilib ki, bu parazitlər, növündən asılı olmayaraq bütün bitkilərə ciddi ziyan vurur. Hətta bəzi ölkələrdə müəyyən ərazilərin bitki örtüyünün tam məhvinə səbəb olub.
Qeyd edilib ki, qəhvəyi mərmər taxtabitisinə qarşı hər bir ölkədə milli fəaliyyət planı hazırlanmalı, region ölkələri arasında səmərəli əməkdaşlıq olmalıdır.
AQTA-nın məsul əməkdaşları Camal Quliyev və Taleh Şəmiyev debatlarda çıxış edib, Azərbaycanda bu böcəyin yayılmadığını, buna baxmayaraq dövlətimizin bu növ təhlükələrə qarşı birgə mübarizə aparmaqda maraqlı olduğunu diqqətə çatdırıblar.
Bildirilib ki, Azərbaycanda ölkənin bitki örtüyünün mühafizəsi, qida təhlükəsizliyi ilə bağlı müəyyən tədbirlər görülür, dövlət proqramları qəbul edilib. Bu tədbirdə iştirakın da əsas məqsədi qəhvəyi mərmər taxtabitisinə qarşı mübarizə ilə bağlı qonşu Gürcüstanın və digər ölkələrin təcrübəsini öyrənməkdir.
Konfransın sonunda mövzu ilə bağlı tövsiyələr qəbul olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi