İQTİSADİYYAT
Tbilisidə keçirilən beynəlxalq konfransda Azərbaycanın uğurlarından danışılıb
Tbilisi, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Tbilisidə bank və maliyyə sahəsində təhsilin artırılmasına dair beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq maliyyə institutları və korporasiyalarının Gürcüstan Milli Bankı ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycanın bank və maliyyə, eləcə də sosial-iqtisadi sahədə həyata keçirdiyi islahatlardan da danışılıb.
Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus çıxışında Azərbaycanda həyata keçirilən məhkəmə islahatlarını, bərk tullantıların idarə olunması, təhsil və digər bir sıra sahələri əhatə edən islahatları yüksək qiymətləndirib. O, bu sahələrin Azərbaycanın davamlı iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, bu uğurlar digər ölkələr üçün nümunə ola bilər.
Konfransda Gürcüstan Milli Bankının sədri Koba Qvenetadze və başqaları çıxış edərək ölkədə həyata keçirilən islahatlar, maliyyə institutlarının inkişaf strategiyası və digər məsələlər barədə məlumat veriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi