CƏMİYYƏT
Tbilisidə keçirilən beynəlxalq konfransda İçərişəhər barədə məlumat verilib
Tbilisi, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 13-də Tbilisidə “Yerli iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Tbilisi şəhər meriyasının təşkilatçılığı, Avropa İttifaqı və Avropa Komissiyasının dəstəyi ilə keçirilən konfransda əsasən şəhər idarəçiliyində ən yaxşı qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, turizmin inkişafı və s. məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.
Avropa İttifaqının “Qonşuluq siyasəti” çərçivəsində keçirilən tədbirdə Gürcüstan, Azərbaycan, Ukrayna və Moldova, eləcə də bir sıra tərəfdaş ölkələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə bildirilib ki, Avropa Komissiyasının “Yerli merlər inkişaf naminə” layihəsi bəzi ölkələrdə, o cümlədən Gürcüstanda və Azərbaycanda uğurla həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu layihəyə qoşulub və müəyyən işlər görülür.
Konfransda İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov təqdimatla çıxış edib. Vurğulayıb ki, Prezident ölkəmiz tərəqqisinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən turizmin inkişafına xüsusi diqqət yetirir. Dövlətimizin başçısının imzaladığı sərəncamların icrası nəticəsində Azərbaycan sürətli inkişaf yolu keçib.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Avropa Komissiyasının layihəsinə qoşulduqdan sonra bir sıra mühüm işlər görülüb. Layihə rəhbəri Pitr Korzbi görülən işləri yüksək qiymətləndirib və idarəyə xüsusi sertifikat təqdim edib.
Sonra C.Kazımov İçərişəhərdə aparılan təmir-bərpa, abadlıq işləri, tarixi abidələrin bərpası barədə ətraflı məlumat verib. Görülən işlər slaydlar vasitəsilə iştirakçılara nümayiş olunub.
Konfransda Azərbaycanın turizm sektorunda görülən işlər, həyata keçirilən beynəlxalq layihələr barədə də ətraflı danışılıb.
Tədbirdə Azərbaycanın Yevlax, Kəpəz rayon icra hakimiyyətlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edirlər.
Tədbir 3 gün davam edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi