CƏMİYYƏT


Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunur

Tbilisi, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də Tbilisidə vərəmlə mübarizədə fəal iştirak edən ölkələrin dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatları, Dünya Səhiyyə Təşkilatı (DST) və digər əlaqədar beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin regional görüşü başlayıb.

AZƏRTAC xəbər verir ki, dekabrın 7-dək davam edəcək tədbirin əsas məqsədi vərəmlə mübarizədə daha fəal strategiyaların, tədbirlərin həyata keçirilməsi üçün yeni planların hazırlanması, vərəm xəstəliyinin regionda yayılmasının qarşısının alınması istiqamətində dövlət öhdəçiliyinin artırılmasına nail olmaqdır.

Tədbirdə 11 ölkədən - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Belarus, Rusiya, Ermənistan, Moldova və İngiltərədən vərəmlə mübarizə sahəsində ixtisaslaşmış QHT-lərin nümayəndələri, ekspertlər çıxış edərək görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

Azərbaycan nümayəndə heyətinin üzvü, “Salamlığa xidmət” İctimai Birliyinin sədr müavini Pərvanə Vəliyeva jurnalistlərə müsahibəsində deyib ki, hazırda “Şərqi Avropa və Mərkəzi Aşıya Ölkələrində Vərəmlə Mübarizə Proqramı” həyata keçirilir. On bir ölkə bu proqramda fəal iştirak edir.

Onun sözlərinə görə, DST-nin tövsiyə və təklifləri əsasında vərəmlə mübarizəyə dair 2016-cı ildə hazırlanmış planın həmin 11 ölkədə icrası da diqqət mərkəzində olacaq.

P.Vəliyeva bildirib ki, hazırda vərəmlə mübarizəyə dair yeni 3 illik layihə hazırlanır. Bu sənəddə vərəmlə mübarizə sahəsində yeni standartlar, planlar, dövlətlər üçün tövsiyələr və proqramlar əksini tapıb.

“Tbilisidə keçirilən bu görüşdə həmin sənəd bir daha gözdən keçiriləcək, üzv ölkələrin nümayəndələri təklif və tövsiyələrini irəli sürəcəklər. Eyni zamanda, bu sahədə təcrübə mübadiləsi də həyata keçiriləcək”,– deyə P.Vəliyeva vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.