İQTİSADİYYAT
Tbilisidə keçirilən üçtərəfli görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmaların həcminin artırılması diqqət mərkəzində olub
Tbilisi, 23 avqust, AZƏRTAC
Dünyada gedən geosiyasi proseslər fonunda Azərbaycanın yeri və rolu, xüsusən də Azərbaycan üzərindən Trans-Xəzər Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə tranzit yüklərə olan maraq ölkəmizin əhəmiyyətini daha da artırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat nazirlərinin Tbilisidə keçirilən görüşündən sonra söyləyib.
Onun sözlərinə görə, tranzit dəhlizində ən başlıca infrastruktur layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmalar xüsusi önəm kəsb edir. Bu baxımdan üçtərəfli görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınmaların effektivliyinin artırılması, tərəflər arasında əməliyyatların sinxronlaşdırılması, aylıq, həftəlik, günlük əsasda planlamanın düzgün qurulması və nəticə etibarilə vahid tarif siyasətinin müəyyən edilməsi, müştərilərin, yükdaşıyıcıların, yük sahiblərinin bu dəhlizə olan marağının yüksəldilməsi əsas müzakirə mövzusu olub.
“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bir hissəsi artıq başa çatıb. Sadəcə, burada davamlı olaraq optimallaşma işləri aparılmaqdadır. Əsas da əməliyyat hissəsində effektivliyin aparılması bugünkü müzakirələrin əsas mövzusu idi”, – deyə nazir vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi