CƏMİYYƏT
Tbilisidə korrupsiyaya qarşı mübarizəyə dair beynəlxalq konfrans keçirilib
Tbilisi, 7 iyun, AZƏRTAC
Tbilisidə “Dövlət orqanlarında çalışan vəzifəli şəxslərin maraqlarının toqquşmasının qarşısının alınması, gəlir bəyannamələri sisteminin effektivliyinin artırılması və implementasiyası” mövzusunda beynəlxalq konfrans keçirilib.
Avropa Şurasının İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Korrupsiyaya qarşı Mübarizə Şəbəkəsinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi dövlət qurumlarında çalışan vəzifəli şəxslərin maraqlarının toqquşmasının qarşısının alınması ilə bağlı müsbət təcrübəni öyrənmək, mövcud milli qanunvericiliyin təkmilləşdirilməsinə nail olmaqdır.
Tədbirdə Böyük Britaniya və ABŞ-ın bu sahədəki təcrübəsi barədə ətraflı məlumat verilib. Müxtəlif ölkələrin nümayəndələri gəlir bəyannamələrinə daxil olan gəlirlər, borclar, borclu olanlar və aylıq gəlirlər barədə fikirlərini bölüşüblər. Hər bir ölkənin qanunvericiliyində mövcud olan normalar, qanunların təbliği və bu sahədəki problemlər haqqında da fikir və təkliflər səslənib.
Həmçinin Avropa Şurasının İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Korrupsiyaya qarşı Mübarizə Şəbəkəsinin nümayəndələri, Avropada Korrupsiyaya qarşı Dövlət Qrupu (GRECO) və digər beynəlxalq təşkilatların nümayəndələri çıxış edib, korrupsiyaya qarşı mübarizəyə dair beynəlxalq hüququn norma və prinsipləri barədə məlumat veriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi