CƏMİYYƏT
Tbilisidə qadın zorakılığına qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Tbilisi, 24 noyabr, AZƏRTAC
Qadınlar hər bir ölkənin ictimai siyasi həyatında mühüm rol oynayırlar. Amma təəssüflər olsun ki, bu gün bir çox ölkələrdə qadınlar zorakılığa, fiziki təzyiqlərə məruz qalırlar. Onların dövlət və hökumət strukturlarında işlə təmin olunmasında müəyyən problemlər yaşanır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Tbilisidə keçirilən “Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü”nə həsr olunmuş beynəlxalq konfransda səslənib.
Konfransda müxtəlif ölkələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, qadınların yaratdıqları QHT-lərin rəhbərləri iştirak ediblər.
Prezident Georgi Marqvelaşvili konfransdakı çıxışında deyib ki, Gürcüstan çoxmillətli ölkədir. Sovet İttifaqı dağıldıqdan sonra bizim qadınlar dövlətlərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayıblar. Bu gün onların dövlət, hökumət orqanlarında, biznes sektorunda təmsil olunmaları çox vacibdir. Gürcüstan dövləti bununla bağlı müəyyən proqramlar və layihələr həyata keçirməyi planlaşdırır.
Konfransda çıxış edənlər dünyada, eləcə də Cənubi Qafqazda qadınların üzləşdikləri zorakılıq və təzyiqlərdən danışıb, onların cəmiyyətdəki rolunun artırılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bəzən milli azlıqları təmsil edən qadınlar ümumiyyətlə dövlət və hökumət işlərindən kənarda qalırlar və bu, yolverilməzdir.
Tədbirdə qadın zorakılığına qarşı mübarizə sahəsində dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinin, Cənubi Qafqaz ölkələri arasında bu sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi