CƏMİYYƏT


Tbilisidə tanınmış jurnalist və ictimai-siyasi xadim Süleyman Süleymanovun xatirəsi anılıb

Tbilisi, 26 iyun, AZƏRTAC

İyunun 26-da Tbilisidə tanınmış ictimai-siyasi xadim, Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin mərhum baş redaktoru Süleyman Süleymanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində təşkil olunan tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, jurnalistin ailə üzvləri, qələm dostları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva S.Süleymanov haqqında xatirələrini bölüşüb, tədbirin böyük ziyalının vəfatının 5-ci ildönümünə həsr olunduğunu diqqətə çatdırıb.

Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycanın Əməkdar jurnalisti, gaxa.ge informasiya portalının baş redaktoru Nizami Məmmədzadə çıxışında deyib ki, S.Süleymanov yüksək intellektə və peşəkarlığa malik idi və jurnalistika peşəsinə başlayan gəncləri hər zaman dəstəkləyirdi.

Səfir Dursun Həsənov S.Süleymanovla bağlı xatirələrini bölüşüb. Mərhum jurnalistin xalq və cəmiyyət qarşısındakı xidmətlərindən danışan diplomat deyib: “Məhz S.Süleymanovun gərgin və fədakar əməyi nəticəsində «Gürcüstan» qəzetinin nəşri ölkənin ağır və çətin dövrlərdə belə dayanmadı. Süleyman müəllim hətta öz hesabına belə qəzeti yaşadırdı. Onun adı Gürcüstan mətbuatının tarixinə qızıl hərflərlə yazılıb”.

«SOCAR Georgia Gas» şirkətinin direktoru Azər Məmmədov S.Süleymanovun ona əziz insan olduğunu deyib və bildirib ki, S.Süleymanov onun atası Vəli Məmmədovla yaxından dostluq edib. Süleyman müəllim Gürcüstanda Azərbaycanın mədəni irsinin araşdırılması istiqamətində çox işlər görüb. O, Gürcüstanın vətənpərvəri, Azərbaycanın mədəniyyət irsinə sadiq insan olub”.

«Sakartvelos Respublikas» qəzetinin redaktoru Armaz Sambledze, ziyalılardan Fazil Məmmədov, Əziz Dəlivəlov, Mahmud Kamaloğlu, Əflatun Kamandaroğlu, yazıçı-publisist Əlixan Yahyaoğlu və başqaları çıxış edərək Süleyman müəllimlə bağlı xatirələrini bölüşüblər.

Tədbirdə S.Süleymanovun həyat və fəaliyyətini əks etdirən fotolar nümayiş etdirilib.

S.Süleymanov 1972-ci ildən ömrünün sonuna qədər “Sovet Gürcüstanı” və nəşrin davamı kimi 1990-cı ildən “Gürcüstan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 2014-cü il iyunun 26-da Tbilisidə vəfat edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.