CƏMİYYƏT


Tbilisidə vəkillərin beynəlxalq konfransı keçirilir

Tbilisi, 8 noyabr, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisidə vəkillərin beynəlxalq konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, Avropa Şurası, Avropa Vəkilləri Assosiasiyası və BMT-nin İnkişaf Proqramı tərəfindən təşkil olunan konfransda Gürcüstan, Azərbaycan, Polşa, Belarus, Rusiya, Ukrayna və digər ölkələrin Vəkillər kollegiyalarının üzvləri iştirak edirlər.

Ölkəmizi bu tədbirdə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov və kollegiyanın rəyasət heyətinin üzvü Fariz Məmmədov təmsil edirlər.

İki gün davam edəcək tədbirin məqsədi müxtəlif ölkələrin Vəkillər assosiasiyaları arasında əlaqələri inkişaf etdirməklə yanaşı, insan hüquqlarının qorunması ilə bağlı vəkillik xidməti sahəsində təcrübə mübadiləsini genişləndirməkdir.

Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatiani çıxışında ölkəsində həyata keçirilən hüquq islahatları, insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər və nəzərdə tutulmuş layihələr barədə məlumat verib. Bildirib ki, son illər Gürcüstanda vəkillərin peşəkarlıq səviyyəsi artır. Gürcüstanda vəkillərin yalnız 2 faizi hakim ola bilir. Bu, çox kiçik göstəricidir. Kollegiya tərəfindən vəkillərin peşəkarlığının daha da artırılması istiqamətində işlər aparılır.

Avropa Vəkilləri Assosiasiyasının sədri Mariya Slazak çıxışında insan hüquq və azadlıqlarının qorunmasında vəkillərin rolunu qeyd edib, bu baxımdan vəkillik institutunun inkişafının vacibliyini vurğulayıb. O, konfransda iştirak edən və müxtəlif ölkələri təmsil edən vəkilləri təşkilatla sıx əməkdaşlıq etməyə çağırıb.

Assosiasiyaya üzvlüyün prinsiplərinə toxunan M.Slazak bildirib ki, Avropa Şurasının bütün üzv ölkələrinin vəkilləri qurumda təmsil oluna bilərlər.

Çıxışlardan sonra konfrans müxtəlif mövzulara həsr olunmuş panel iclaslarda işini davam etdirib.

Anar Bağırov və Fariz Məmmədov panellərdə çıxış edərək Azərbaycanda həyata keçirilən hüquq islahatları, insan hüquqlarının müdafiəsi, vəkillik institutunun inkişafı ilə bağlı görülən işlər barədə məlumat veriblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.