MƏDƏNİYYƏT


Tbilisidə yaşayan etnik azərbaycanlılarla bağlı sənədli film çəkilib

Tbilisi, 26 may, AZƏRTAC

Gürcüstanda fəaliyyət göstərən “Qırmızı körpü” qeyri-hökumət təşkilatının (QHT) illik hesabatı təqdim olunub və təşkilatın ərsəyə gətirdiyi “Mağiare” (“Məni tanı”) sənədli filmi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə çəkilmiş filmdə qonşu ölkədə yaşayan və fiziki məhdudiyyətli etnik azərbaycanlıların üzləşdikləri çətinliklərdən bəhs olunur.

Gürcüstanın Milli Parlament Kitabxanasında keçirilən tədbirdə səfirliyin məsul əməkdaşları Anar Rəsulov, Tamerlan Tağıyev, QHT nümayəndələri, hüquq müdafiəçiləri, azərbaycanlı və gürcü gənclər iştirak ediblər.

“Qırmızı körpü” təşkilatının rəhbəri, tanınmış jurnalist Ceyhun Məhəmmədəli qeyd edib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi Gürcüstanda yaşayan soydaşlarımızı Gürcüstan ictimaiyyətinə daha yaxından tanıtmaq, Azərbaycanın tarixini, mədəniyyətini təbliğ etməkdir.

C.Məhəmmədəli AZƏRTAC-a müsahibəsində hər iki milləti təmsil edən gənclərin bir-birilərini yaxşı tanımadıqlarından təəssüfləndiyini bildirib: “Azərbaycanlı və gürcü gəncləri bir-birini yaxşı tanımırlar. Təşkilatımız azərbaycanlılar və gürcülər arasında körpü rolunu oynamağa çalışır və inanırıq ki, qarşımıza qoyduğumuz məqsədlərə nail olacağıq”.

Film barədə məlumat verən C.Məhəmmədəli deyib ki, sənədli filmdə Kaxeti və Kvemo Kartli bölgəsində yaşayan fiziki məhdudiyyətli soydaşlarımızdan bəhs olunur. Özlərini cəmiyyətindən tam təcrid olunmuş hesab edən bu dörd insanın əsas tələbləri onlara qarşı dövlətin diqqət və qayğısının artırılmasına, tamhüquqlu vətəndaş kimi sosial və digər xidmətlərdən istifadəyə nail olmaqdır”.

Onun sözlərinə görə, Gürcüstanın parlament və Ombudsman Aparatının nümayəndələri də həmin insanların vəziyyəti ilə tanış olublar. Hər iki qurumun nümayəndələri etiraf edirlər ki, fiziki imkanları məhdud şəxslərlə bağlı bir sıra problemli məsələlər mövcuddur və xüsusən də bu qrupa daxil olan etnik azlıq nümayəndələri daha çox problemlərlə üzləşirlər.

Təqdimat mərasiminin sonunda təşkilatın fəal üzvlərinə sertifikatlar təqdim edilib.

Azərbaycanın Gürcüstandakı səfirliyi adından QHT-yə iki ədəd notbuk hədiyyə edilib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.