DÜNYA
Tbilisidə yaşayış binasında baş vermiş partlayışda 3 nəfər ölüb
Tbilisi, 16 yanvar, AZƏRTAC
Tbilisinin Didi Diğomi yaşayış massivinin Aftandil küçəsindəki çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində təbii qaz sızması nəticəsində güclü partlayış olub. Nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralananlardan 3-ü azyaşlı uşaqdır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Tbilisinin post patrul xidmətinin rəhbəri Teymuraz Kupatadze məlumat verib.
Onun sözlərinə görə, yaralılar şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib. Binanın sakinləri təxliyə olunub.
Gürcüstanın Baş naziri Mamuka Baxtadze, Tbilisinin meri Kaxa Kaladze və digər rəsmi şəxslər hadisə yerinə gəliblər.
Prezident Salome Zurabişvili İvaşvili xəstəxanasına gələrək yaralılara baş çəkib.
Partlayış nəticəsində binanın mərtəbələri arasındakı arakəsmə beton laylar uçub. Dağıntılar altında kiminsə hələ də qalması ehtimalı var. Ərazidə xilasedici briqadalar çalışır.
Sakinlərin sözlərinə görə, gündüz saatlarında binada təbii qaz iyi hiss edilib. Hadisə yerinə təbii qaza cavabdeh olan “KazTransQaz” şirkətinin nümayəndələri dəvət olunub. Lakin onlar təhlükəli heç nə tapa bilməyiblər və ərazini tərk ediblər.
Hazırda Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi