SİYASƏT
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi Ermənistanın təxribatını pisləyən bəyanat yayıb
Tbilisi, 16 iyul, AZƏRTAC
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribatını pisləyən bəyanat yayıb.
Bu barədə AZƏRTAC-a M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Gürcüstanın Mədəniyyəti "Sənət Keşikçisi", Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, fəxri professor Leyla Əliyeva məlumat verib.
Bəyanatda deyilir: “Bu gün Cənubi Qafqazda yenə qan axır, dinc sakinlər, əsgərlər öldürülür. Bu, bizi, Gürcüstanda yaşayan, daim sülh və əmin-amanlıq, sabitlik istəyən azərbaycanlıları və gürcüləri ciddi narahat edir. Biz bilirik ki, buna yenə də xarici havadarlarından dəstək alan işğalçı Ermənistan rəhbərliyi səbəb oldu. 1980-ci ilin sonlarında, Ermənistanın Azərbaycan qarşı haqsız ərazi iddiaları ilə başlayan münaqişə sonradan daha da genişləndi. Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edildi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi”.
Bildirilir ki, Azərbaycan qan tökülməməsi və sülhün qorunması üçün münaqişəni danışıqlar yolu ilə həll etmək istəyir. ATƏT-in Minsk qrupu isə yalnız danışıqlar naminə danışıqlar aparır, real nəticələr əldə olunmur.
“İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistanın törətdiyi təxribat nəticəsində hərbi əməliyyatlar baş verdi, zabitlər, gənc əsgərlər şəhid olanlar və yaralananlar var. Azərbaycan Silahlı Qüvvələri təxribatçılara layiqli cavab verib, geri oturtdular. Biz bu təcavüzü, təxribatı qətiyyətlə pisləyirik. İşğalçı Ermənistanı təxribata son qoymağa çağırırıq. Qeyd edirik ki, hərbi əməliyyatlar bütün bölgədə sülhə böyük təhlükə yaradır”, - deyə bəyanatda vurğulanır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi