MƏDƏNİYYƏT
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ziyarətçiləri qəbul etməyə hazırdır
Tbilisi, 1 iyul, AZƏRTAC
Gürcüstanda qapalı muzey və muzey-qoruqların iyulun 1-dən açılması barədə qərar təxirə salınıb. AZƏRTAC xəbər verir ki, hələlik yalnız açıq havada olan muzeylərin fəaliyyətinə icazə verilib.
Bu gün ölkədə 253 muzey və muzey-qoruq fəaliyyət göstərir. Onların 12-si son 2 ildə açılıb.
Məlumata görə, 2019-cu ildə bu müəssisələri 2,2 milyon insan ziyarət edib.
Bu gün ən çox muzey paytaxt Tbilisidədir. Paytaxtda 60 muzey fəaliyyət göstərir və 2019-cu ildə bu muzeyləri 668,4 min nəfər ziyarət edib.
Bu gün İmereti bölgəsində 38, Kaxeti bölgəsində 34, SAMEQRELO-Zemo-Svaneti bölgəsində 31, Acariyada 20, Şidi-Kartlidə 18, Quriya bölgəsində isə 14 muzey var.
Paytaxt Tbilisidə Azərbaycan mədəniyyətini, incəsənətini, maddi və mədəni sərvətlərini təbliğ edən 3 muzey var.
Bunlardan biri və ən böyüyü Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyidir. İkincisi, bu muzeyin nəzdində fəaliyyət göstərən Nəriman Nərimanovun Ev Muzeyidir. Üçüncüsü isə bərbad vəziyyətdə olan və ciddi təmirə ehtiyacı olan və bu səbəbdən fəaliyyət göstərməyən Cəlil Məmmədquluzadənin Ev Muzeyidir.
Hər üç muzeydə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına aid çoxsaylı eksponat var.
Azərbaycan Prezidentinin tapşırığına əsasən, SOCAR şirkətinin əsaslı təmir etdirdiyi üçmərtəbəli M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini keçən il ərzində 10 mindən çox insan ziyarət edib. Muzeyin girişində Azərbaycanın və Gürcüstanın dövlət bayraqları asılıb. Divarlardakı lövhələrdə qızılı həriflərlə yazılmış dövlət himni ziyarətçilərin diqqətini çəkir. Muzeyin mərtəbələrini gəzdikcə, M.F.Axundzadənin həyat və fəaliyyəti, onun yaradıcılığının personajları ilə yanaşı, Azərbaycanın ədiblərinin əsərlərinin nümunələri, xalq yaradıcılığının ayrı-ayrı sahələrinə aid çoxsaylı eksponatla tanış olmaq mümkündür.
Muzeydəki kitabxanada Azərbaycan ədiblərinin əsərləri ilə yanaşı, dünya ədəbiyyatı inciləri də qorunub saxlanılır.
Muzeyin üçüncü mərtəbəsindəki konfrans zalında müxtəlif tədbirlər, dəyirmi masalar, elmi simpozium və konfranslar, musiqi proqramları və gecələri təşkil olunur.
Muzeyin nəzdində rəsm, dil, musiqi və xalçaçılıq kursları fəaliyyət göstərir. Hər il onlarla uşaq burada toxuculuq sənətini, musiqi alətlərində ifa etməyi, rəsm çəkməyi öyrənirlər.
Burada fəaliyyət göstərən Azərbaycan dili kursunda təkcə gürcülər ABŞ, Almaniya, Fransa, Çexiya və digər xarici ölkələrin vətəndaşları təhsil alırlar.
Muzeyin direktoru Azərbaycanın və Gürcüstanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva AZƏRTAC-a bildirib ki, pandemiya ilə əlaqədar muzeydə eksponatlara, yazılı ədəbiyyat nümunələrinə ziyan vurmadan təmizlik, dezinfeksiya işləri aparılıb. Təhlükəsizlik tədbirləri yüksək səviyyədədir.
Muzey yaxın vaxtlarda ziyarətçilərin üzünə açılacaq.
N.Nərimanovun Ev Muzeyində isə Azərbaycan ədəbiyyatı ilə yanaşı, görkəmli dövlət və ictimai xadim N.Nərimanovun həyat və yaradıcılığı ilə də tanış olmaq mümkündür.
Bu mədəniyyət ocağı da SOCAR-ın maliyyə yardımı hesabına əsaslı təmirdən sonra 2017-ci ildə istifadəyə verilib.
Təəssüf hissi ilə qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Gürcüstandakı bütün muzeylər mart ayının ortalarında, fövqəladə vəziyyət olunmamışdan da bir qədər əvvəl fəaliyyətlərini dayandırıblar.
Gürcüstan hökumətinin qərarına əsasən, muzeylər təhlükəsizlik qaydalarına ciddi əməl etməklə fəaliyyətlərini mərhələli şəkildə bərpa etməyə hazırlaşır.
Hələlik yalnız açıq havada və məkanlarda olan muzeylərə icazə verilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi