İQTİSADİYYAT
Tbilisidəki beynəlxalq forumda Azərbaycanın iqtisadi imkanları barədə məlumat verilib
Tbilisi, 11 oktyabr, AZƏRTAC
Cənubi Qafqaz regionu Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında iqtisadi, ticari, mədəni və humanitar əlaqələrin inkişafı üçün çox əlverişli coğrafi mövqeyə malikdir. Gürcüstanın da iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və logistika layihələri bu əlaqələrin daha da genişlənməsi üçün mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər “Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında biznesin dayanıqlı inkişafı üçün əlverişli şəraitin yaradılması” mövzusunda oktyabrın 11-də Tbilisidə keçirilən beynəlxalq forumda səsləndirilib.
Gürcüstanın biznes ombudsmanı İrakli Lekvinadze ölkəsinin investisiya mühiti, iqtisadi imkanları, hökumətin iş adamları üçün yaratdığı imkanlar barədə danışıb. O, Gürcüstanın da iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin əhəmiyyətini vurğulayıb. Böyük İpək Yolu və onun tərkib hissəsi olan “Qərb-Şərq” nəqliyyat dəhlizi, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti xüsusi qeyd edilib.
Sonra Gürcüstanın dövlət və hökumət rəsmiləri, Özbəkistan, Qırğızıstan, Albaniya, Qazaxıstan və Polşanın biznes ombudsmanları, iqtisadi qurumlarının məsul şəxsləri çıxış edib, mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov tədbirdə iştirak edib. Səfir keçirdiyi görüşlər zamanı Azərbaycanın iqtisadi inkişafı, investisiya imkanları barədə danışıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi