REGİONLAR


Tbilisinin Big Band Orkestri Qəbələ festivalının tamaşaçılarına unudulmaz anlar yaşadıb VİDEO

Qəbələ, 5 avqust, Mustafa Dadaşov, AZƏRTAC

X Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq bir həftədir musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində avqustun 5-də axşam Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında tamaşaçılara Gürcüstandan gəlmiş Tbilisi Big Band Orkestrinin konserti təqdim olunub.

Konsertin əvvəlində məlumat verilib ki, kollektiv Qəbələ festivalında ikinci dəfədir iştirak edir. Tbilisi meriyasının professional musiqiçilərdən ibarət Big Band Orkestri Gürcüstanın aparıcı kollektivlərindən biridir. 1997-ci ildə yaradılan bu kollektiv ölkənin yeganə konsert orkestridir. Orkestr estrada ifaçılığı, xüsusilə də gürcü caz ənənələrinə sadiq qalaraq, son 15 il ərzində bir çox uğurlara imza atıb. Hazırda orkestrin repertuarında müxtəlif janrları əhatə edən 350-dək əsər var. Buraya gürcü və xarici müəlliflərin vokal və instrumental kompozisiyaları daxildir. Orkestrin tərkibində 20 instrumental musiqiçi və 8 vokalçı çıxış edir. Orkestr 2006-cı ildə Monte Karloda keçirilən Beynəlxalq Caz Festivalında Qran-Pri mükafatına layiq görülüb. Orkestrlə birgə G.Şiller, B.Mintser, R.Ayers, İ.Butman, C.İzaak, D.Teffer kimi tanınmış musiqiçilər çıxış edib. Orkestrin təsisçisi Qayoz Kandelaki, dirijoru Givi Qaçeçiladze, direktoru Kaxa Markozaşvilidir.

Big Band Orkestrinin təqdim etdiyi konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Festival çərçivəsində avqustun 6-da növbəti kamera musiqisi axşamı və Yerusəlim Simfonik Orkestrinin konserti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.