MƏDƏNİYYƏT


Teatr Xadimləri İttifaqında “Mədəniyyətimiz–Tariximiz” silsiləsindən növbəti tədbir

Bakı, 16 iyul, AZƏRTAC

Teatr Xadimləri İttifaqında “Mədəniyyətimiz–Tariximiz” silsiləsindən Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, görkəmli ziyalılar, sənət adamları və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə ittifaqın sədr müavini, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov açaraq Ə.Haqverdiyevin keçdiyi şərəfli ömür yolu, onun milli mədəniyyətimizə bəxş etdiyi dəyərli sənət inciləri barədə danışıb.

“2020-ci il Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubiley ili idi. Bu əlamətdar tarixlə əlaqədar Prezident İlham Əliyevin 31 yanvar 2020-ci ildə imzaladığı Sərəncam çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulsa da, təəssüf ki, mövcud pandemiya şəraitində teatrlarımız bundan bəhrələnə bilmədi. Ötən il Əbdürrəhim bəyin əsərlərinə yenidən səhnə həyatı verilməsi imkanı olmasa da, onun yaradıcılığı bütün zamanlarda öz aktuallığını qoruyub saxlaya bilib və öz yüksək qiymətini alıb. Əbdürrəhim bəyin adı UNESCO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib. Bu, onun yaradıcılığına verilən yüksək qiymətin aydın təzahürüdür”,-deyə Hacı İsmayılov vurğulayıb.

Tədbirdə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Allahverdi Məmmədli Ə.Haqverdiyevin yaradıcılığını ətraflı təhlil edib, Əməkdar artist, rejissor Nicat Kazımov yazıçının əsərlərinin teatr sənətimizin inkişafındakı rolundan və quruluş verdiyi “Pəri Cadu” tamaşasından danışıb.

Tədbirdə Ə.Haqverdiyevin əsərlərindən ibarət foto və videogörüntülər nümayiş olunub.

Ə.Haqverdiyevin nəticəsi Eldar Məlik Abbas tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirib. Tədbir görkəmli alim Mir Cəlal Paşayevin Əbdürəhim bəy Haqverdiyev haqqında fikirləri ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.