MƏDƏNİYYƏT
Teatr qastrol səfərinə çıxıb
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı muxtar respublikanın rayon mərkəzlərinə qastrol səfərinə çıxıb.
AZƏRTAC xəbər verir ki, teatr Şahbuz və Ordubad şəhərlərində böyük rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexovun “Ayı” və “Təklif” vodevilləri əsasında səhnələşdirilən “Russayağı evlənmə” tamaşasını rayon ictimaiyyətinə təqdim edib.
Tamaşa oktyabrın 23-də Culfa, 27-də isə Şərur və Kəngərli rayonlarında göstəriləcəkdir.
Bu tamaşa XIX əsr Rusiya həyatının reallıqlarını yazıçıya məxsus kinayə və istehzalarla göstərən şən səhnə əsəri təsiri bağışlayır. Əsəri səhnələşdirən və ona quruluş verən rejissor hər iki vodevilin süjetlərini birləşdirməklə tamaşanın finalında maraqlı rejissor təfsirinə nail olub. Quruluşçu rəssam, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əbülfəz Axundovun səhnə tərtibatı XIX əsr Rusiya həyatının reallıqlarını özündə əks etdirir.
Qeyd edək ki, Naxçıvan teatrı A.P.Çexov dramaturgiyasına sonuncu dəfə 1985-ci ildə müraciət edib. Həmin ildə müəllifin vodevil və hekayələri əsasında “Üç zarafat” tamaşası hazırlanıb.