ELM VƏ TƏHSİL
Təbiət Tarixi Muzeyində şagirdlər üçün açıq dərs keçirilmişdir
Bakı, 12 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun H.Zərdabi adına Təbiət Tarixi Muzeyində 20 nömrəli orta məktəbin 8-11-ci sinif şagirdləri üçün açıq dərs keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, “Dünya gələcək geoloqların gözü ilə” adlı olimpiada çərçivəsində təşkil olunmuş açıq dərsdə muzeyin direktoru, biologiya elmləri namizədi Tariyel Heybətov məktəblilərə Azərbaycanın qədim flora və fauna növlərindən geniş bəhs etmişdir.
Sonra şagirdlər muzeyin eksponatları ilə tanış olmuşlar.
Olimpiada Geologiya İnstitutunun Gənc Alimlər Şurasının təşkilatçılığı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə keçirilir. Məqsəd şagirdlərin Yer elmlərinə həvəsini artırmaq, onların potensialını və istedadını inkişaf etdirmək, elm və təhsilin vəhdətindən faydalanmaqdır.