CƏMİYYƏT
“Təbiət üçün SOS” adlı yay məktəbinə start verilib VİDEO
Bakı, 2 avqust, AZƏRTAC
“EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Litvanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə “Təbiət üçün SOS” adlı açıq havada yay məktəbi keçirilir.
AZƏRTAC xəbər verir ki, “Məktəblilər üçün interaktiv yay məktəbi və tullantıların idarə olunması onlayn proqramı” layihəsi çərçivəsində keçirilən və avqustun 6-dək davam edəcək yay məktəbinin məqsədi gənclərin ətraf mühitin mühafizəsi, tullantıların təkrar emalı, iqlim dəyişikliyi, su resurslarından səmərəli istifadə sahəsində bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Yay məktəbində 12-15 yaş qrupu üzrə 50 nəfərdən ibarət gənc ekoloq iştirak edir.
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yerləşən “EkoSfera” Qala Etno-Ekoloji Mərkəzində baş tutan yay məktəbinin açılışında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Litva Respublikasının Azərbaycandakı səfiri Eqidius Navikas və “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəri Firuzə Sultanzadə iştirak ediblər.
Yay məktəbi çərçivəsində ekspertlər tərəfindən ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, su mənbələrindən səmərəli istifadə, biomüxtəlifliyin qorunması və tullantıların idarə olunması ilə bağlı interaktiv və maarifləndirici proqramların keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Məktəblilər üçün interaktiv yay məktəbi və tullantıların idarə olunması onlayn proqramı” layihəsinin davamı olaraq bu ilin sentyabr-oktyabr aylarında 12-15 yaşlı 500-ə yaxın məktəblinin, müəllimlərin və valideynlərin iştirakı ilə iqlim dəyişmələri, tullantıların idarə olunması, su resurslarından səmərəli istifadə mövzularında 10 vebinar və onlayn görüşlər təşkil olunacaq.