CƏMİYYƏT
Təbiəti mühafizə siyasəti insan haqlarının qorunmasının əsas prinsiplərinə söykənməlidir
Bakı, 30 avqust, AZƏRTAC
BMT-nin ekspertləri sentyabrın 1-dən 10-dək ABŞ-ın Havay ştatında keçiriləcək VI Beynəlxalq Təbiəti Mühafizə Konqresi ərəfəsində beynəlxalq birliyi təbii ehtiyatların istismarı ilə bağlı olaraq cinayətkar qruplaşmaların və “qanuni” biznes nümayəndələrinin tez-tez qurbanına çevrilən ekoloqları və yerli xalqların nümayəndələrini qorumağa çağırıb.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, problemlə bağlı BMT-nin insan haqları məsələsi və ətraf mühit üzrə xüsusi məruzəçisinin və yerli xalqların hüquqları üzrə xüsusi məruzəçisinin bəyanatı təqdim edilib. Bəyanatda yazılıb: “Sıralarında yerli xalqların bir çox liderlərinin olduğu ekoloqların öldürülməsi halları torpaqları və biomüxtəlifliyi qorumaq işində səyləri birləşdirməyin zəruriliyini göstərir”.
BMT ekspertləri bildiriblər ki, təbiəti mühafizə siyasəti insan haqlarının qorunmasının əsas prinsiplərinə söykənməlidir.
Beynəlxalq Təbiəti Mühafizə Konqresi dörd ildən bir keçirilir. Konqres iştirakçıları bu il ekoloji siyasəti müzakirə edəcək və formalaşdıracaq, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı şurasını və prezidentini seçəcəklər. Konqresdə 160 ölkədən üç mindən çox iştirakçının olacağı gözlənilir.
BMT ekspertlərinin bəyanatında vurğulanıb: “Biomüxtəlifliyin qorunması insan haqları məsələsidir, çünki ekosistemin sağlamlığı insan haqlarının bütün spektrlərinin reallaşdırılması üçün olduqca vacibdir”.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqı dünyada ən böyük beynəlxalq təşkilatdır.