CƏMİYYƏT


Təbiətlə sərt rəftar edənlərə qarşı tədbirlər gücləndirilir

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ölkə ərazisində yaşıllıqların mühafizəsi və qorunması sahəsində görülən işlər barədə danışıb. O, son aylarda respublikamızda ağac kəsilməsi ilə əlaqədar faktların xeyli azaldığını qeyd edib və bu sahədə nazirliyin sərt və qətiyyətli mövqe nümayiş etdirməsi ilə bərabər, eyni zamanda vətəndaşlar, ictimaiyyət nümayəndələri və media orqanlarının da köməyinin vacib olduğunu bildirib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışından sitat gətirərək qeyd edib ki, son vaxtlar ağacların kəsilməsi halları xeyli azalsa da, tam aradan qalxmayıb. Nazir müavini paytaxtda yaşıllıqlara münasibət barədə danışarkən deyib: “Son altı ayda 61 ağacın icazəsiz kəsilməsi, 98 ağacın isə zədələnməsi faktı aşkarlanıb. Bununla əlaqədar 59 təqsirkar şəxs 71,8 min manat məbləğində cərimə olunub. Aşkar edilən 40 fakt üzrə təqsirkarların tapılması və qanunauyğun tədbir görülməsi üçün polis orqanlarına müraciət edilib. Son 3 ay ərzində 12 ağacın kəsildiyini, 14 ağacın zədələndiyinin müəyyən edildiyini nəzərə alsaq, demək olar ki, əvvəlki aylarla müqayisədə ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb”.

Onun dediyinə görə, nazirliyin “Qaynar xətt”inə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayətlərin sayında da əhəmiyyətli dərəcədə azalma müşahidə edilir. Belə ki, may ayında ağac kəsintisi üzrə 30 şikayət daxil olduğu halda, sentyabrda bu rəqəm azalaraq 15-ə enib. O, vətəndaşlar tərəfindən kəsilmə təhlükəsi olan ağaclar barədə verilən məlumatlar əsasında 30-a yaxın ağacın məhv edilməsinin qarşısının alındığını bildirib.

Nazir müavini “Azərlandşaft” Səhmdar Cəmiyyətinin yaşıllıqların artırılması sahəsində gördüyü işi təqdir edib. Onun verdiyi məlumata görə, son 10 il ərzində səhmdar cəmiyyət 5,4 min ədəd ağac əkib, onların 98 faizi yaxşı köklənib. Qeyd olunub ki, Abşeron yarımadasında 272 hektar sahədə yaşıllığın salınması üçün hazırlıq işləri görülür.

F.Əliyev ölkə başçısının verdiyi tapşırıqlara uyğun olaraq ağac kəsintisi hallarının tam aradan qaldırılması üçün qəti addımların atılacağını və bundan sonra da ağac kəsənlərə qarşı sərt tədbirlərin görüləcəyini vurğulayıb.

Mətbuat konfransında Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov 217 ictimai iaşə müəssisəsində aparılan monitorinqin nəticəsi barədə məlumat verib: “May ayında aparılan araşdırmalar zamanı məlum olub ki, şəhərin mərkəzində fəaliyyət göstərən iaşə müəssisələrindən başqa yalnız bir şadlıq sarayında belə qurğunun olduğu müəyyən edilib. Müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan ictimai iaşə obyektləri və şadlıq evlərinə xəbərdarlıq məktubları göndərilib və qurğuların quraşdırılması üçün onlara vaxt verilib”.

Direktorun sözlərinə görə, verilmiş vaxt müddətində iaşə obyektlərindən yalnız 25-də qurğu quraşdırılıb, digər 129 obyekt isə qurğu quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb: “Tövsiyə və göstərişlərə əməl etməyən 63 obyekt barəsində sənədləşmə işləri aparılıb, bundan 7 obyekt sahibi vəzifəli şəxs qismində 23 min manat məbləğində cərimə olunub, 11 obyektin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər məhkəməyə göndərilib, digər iaşə müəssisələri barəsində isə sənədləşmə işləri davam edir. Eyni zamanda, son xəbərdarlıqlara əməl etməyən obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı nazirlik tərəfindən müvafiq qurumlar qarşısında vəsatət qaldırılacaq. Binəqədi, Nərimanov və Səbail rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində qurğuların quraşdırılması istiqamətində görülən işlər daha intensiv aparılsa da, Suraxanı, Xəzər və Xətai rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, demək olar ki, heç bir iş görülməyib".

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişaf Departamentinin direktoru Hikmət Əlizadə may ayından başlanan ov mövsümü barədə məlumat verib. Onun dediyinə görə, oktyabrın 13-dən etibarən su və bataqlıq quşlarının, noyabrın ortalarından isə dovşan ovuna icazə veriləcək və mövsüm martın ortalarınadək davam edəcək. Departament direktoru son 6 ayda icazəsiz ov edən 63 vətəndaşın saxlanıldığını da bildirib. Onlardan 56 silah, 110 patron götürülüb və icazəsiz ova görə 66 min manatdan artıq cərimə ediliblər. Qeyd olunub ki, heyvan və quşların ovlanması nazirlikdə ov məsələləri üzrə elmi koordinasiya şurası tərəfindən tənzimlənir. Belə ki, heyvan və quşların il boyu uçotu aparılır, onların miqdarına, bioloji xüsusiyyətlərinə və digər parametrlərə əsasən ovlanmasına icazə verilir.

Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavab verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.